Rəsmi iş yeri olmayan şəxsə kredit vermək olar ? – AÇIQLAMA | Banco.az

Rəsmi iş yeri olmayan şəxsə kredit vermək olar ? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Vətəndaş kredit üçün banklara müraciət etdikdə ondan birinci iş yerinin, rəsmi gəlirinin olub olmadığı soruşulur. Əks halda vətəndaşın bankdan kredit götürmək istəyi baş tutmaya bilər.

Ümumiyyətlə, biznes krediti əldə etmək üçün fəaliyyətdə olan biznesinizin olması, istehlak krediti əldə etmək üçün isə, rəsmi iş yerinizin olması vacibdir.

Amma xüsusi hallarda kiçik məbləğlərdə rəsmi işi olmayan şəxslərə də banklar tərəfindən kredit verildiyi olub.Ekspertlər deyir ki, bankların fəaliyyətində faiz sistemi rol oynadığı üçün həm şəxsin maddi vəziyyəti, həm də bankların qrafik üzrə ödənişi geri ala bilməsi baxımdan vətəndaşlar rəsmi gəliri əvəz edəcək minimal depozitə malik olmalıdır.

Mövzu barədə iqtisadçı Eyyub Kərimli Banco.az-a bildirib ki, rəsmi gəliri olmayan şəxslərə kredit verən zaman risk və daha çox faiz amili nəzərə alınır:

“Bu kreditlərə tətbiq edilən faizlər dəfələrlə çox olur. Bu qədər faizin tətbiq edilməsinə səbəb vəsaitlərin geri ödənilmədiyi təqdirdə həmin faizlər hesabına bağlanılması göstərilir. Bəzən həmin məbləği götürən şəxslər də bunun fərqinə varmır, daha sonra ödəyə bilməyəndə əziyyət çəkirlər. Hesab edirəm ki, rəsmi gəliri olmayan şəxsə yüksək faizlə kredit verilməsi faktı onların hüquqlarının pozulmasına dəlalət edir. Vətəndaşlar kredit götürən zaman onun geri qaytarılma yolları barədə öncədən düşünməlidirlər.  Gəliri olmayan şəxsə kredit verilirsə bu o şəxsin gizli gəliri olduğuna əsas verir. Yaxşı olardı bu məsələlərdə daha çox rəsmi məlumatlar üzəridən sənədləşmə aparılsın”.

Bəs vətəndaş kredit borcunu ödəyə bilməyəndə o şəxsin həbsi qərarı verilə bilərmi?

Bu barədə suala cavab olaraq bank və maliyyə məsələləri üzrə vəkil Əkrəm Həsənov mediyaya açıqlamasında  bildirib ki, kredit borcuna görə vətəndaşın həbs edilməsi mümkün deyil: 

“Azərbaycanın qoşulduğu insan haqları konvensiyasında da konkret göstərilib ki, borc görə heç kimi həbs etmək olmaz. Azərbaycan qanunvericiliyi də buna yol vermir. Düzdür, təcrübədə əvvəllər belə hallar olub. Ancaq bu, qanunsuz olub və həmin şəxslər öz hüquqlarını bilməyiblər. Ancaq belə hallar geniş yayılmayıb, son vaxtlar ümumiyyətlə, yoxdur. Çünki, Azərbaycanın hüquq ictimaiyyəti daha çox aktivləşib və hakimlər də artıq belə qərarlar çıxarmırlar ”. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram