Müəllif:Mehin Qasımova/Banco.az
ABŞ-ın investisiya bankları olan "Goldman Sachs" və "Morgan Stanley" 2023-cü ilin dördüncü rübü üçün balans hesabatlarını açıqlayıb.
Banco.az xəbər verir ki, Goldman Sachs-ın verdiyi açıqlamaya görə, bankın keçən ilin dördüncü rübündə xalis mənfəəti əvvəlki ilin eyni dövrünə görə 51 faiz artaraq 2,01 milyard dollara çatıb. Bankın 2022-ci ilin dördüncü rübündə xalis mənfəəti 1,3 milyard dollar olaraq qeyd edilib.
Şirkətin 2022-ci ilin dördüncü rübündə 3,32 dollar olan səhm üzrə mənfəəti 2023-cü ilin eyni dövründə 5,48 dollara yüksəlib.
Goldman Sachs-ın 2023-cü ilin dördüncü rübündə gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 11,32 milyard dollara çatıb. Şirkət 2022-ci ilin dördüncü rübündə 10,6 milyard dollar gəlir əldə edib. Sözügedən dövrdə bankın xalis mənfəəti və gəliri bazar gözləntilərini üstələyib.
Goldman Sachs-ın xalis mənfəəti 2023-cü ildə 24 faiz azalaraq 8,52 milyard dollar, gəliri isə 2 faiz azalaraq 46,25 milyard dollar olub.
"Morgan Stanley" tərəfindən edilən şərhə görə, bankın xalis mənfəəti keçən ilin dördüncü rübündə bir əvvəlki ilin eyni dövrünə görə təxminən 32 faiz azalaraq 1,5 milyard dollara geriləyib. Bankın 2022-ci ilin dördüncü rübündə xalis mənfəəti 2,2 milyard dollar olub.
Şirkətin 2022-ci ilin dördüncü rübündə səhm üzrə mənfəəti keçən ilin eyni dövründəki 85 sentlə müqayisədə 1,26 dollar olub. Morgan Stanley-in keçən ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 12,9 milyard dollara çatıb. Qurum 2022-ci ilin dördüncü rübündə 12,7 milyard dollar gəlir əldə edib.
Sözügedən dövrdə bankın mənfəəti bazar gözləntilərindən aşağı, gəliri isə gözləntilərin üstündə qeydə alınıb.
Morgan Stanley-in xalis mənfəəti 2023-cü ildə 17 faiz azalaraq 9,1 milyard dollara düşdüyü halda, gəliri 1 faiz artaraq 54,1 milyard dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!