Müəllif:Mehin Qasımova/Banco.az
Hollandiya Qəzza zolağına yardım üçün 5 milyon avro ayırıb.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq naziri Geoffrey van Leeuven bildirib.
Belə ki, Hollandiya BMT-nin Qəzza zolağı üzrə Yenidənqurma və Humanitar Məsələlər üzrə Baş Koordinatoru Siqrid Kaqın rəhbərlik etdiyi missiyaya 5 milyon avro yardım edib.Qəzza üzrə koordinatorun təyin edilməsi BMT Təhlükəsizlik Şurasının dekabrda qəbul edilmiş 2720 saylı qətnaməsinin tələblərindən biridir. Qətnaməyə əsasən, BMT koordinatoru “Qəzza zolağında yardım, monitorinq və yoxlamaya” cavabdehdir. Təhlükəsizlik Şurasının müəyyən etdiyi bu və digər funksiyaları yerinə yetirmək üçün Fələstin anklavında lazımi personal və avadanlıqlara malik olacaq. Koordinator 20 gün ərzində, daha sonra isə hər 90 gündən bir (30 sentyabr 2024-cü il tarixinədək) gördüyü işlər barədə BMT Təhlükəsizlik Şurasına hesabat verməli olacaq. Siqrid Kaq vəzifəsinə yanvarın 8-də başlayıb.
Qeyd edək ki, son üç ayda Hollandiya Qəzza zolağına təxminən 50 milyon avro yardım edib. Lakin Hollandiya hökuməti hazırkı mərhələdə atəşkəsə çağırış etməyib və BMT-nin müvafiq qətnamələri ilə bağlı səsvermədə bitərəf qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!