Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Pandemiyadan sonra Azərbaycanda xarici ölkələrdən alış-verişə maraq daha da artdı. Alıcıların daha çox diqqətini çəkən isə “Trendyol.com” saytı oldu. 2023-cü ilin mayın 3-dən etibarən "Trendyol.com" saytından sifariş edilən məhsulların birbaşa alıcının Azərbaycan ünvanına çatdırılması xidməti də istifadəyə verildi. Artıq vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə, sifarişçi karqo şirkətinin deyil, öz ev ünvanını qeyd edərək, məhsulu birbaşa təhvil ala bilərlər.
Məsələ ondadır ki, birbaşa çatdırılma xidməti aktiv ediləndən sonra nəyinki alıcıların, hətta daşıma işini həyata keçirən karqo şirkətlərinin bəzilərindən də şikayətlər eşidilməyə başlandı. İddialara görə, malların gecikdirilməsi çətinliklərinə səbəb gömrükdə yaranan yubanmalardır.
Məsələyə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov münasibət bildirib. DGK sədri qeyd edib ki, xaricdən sifariş olunan bütün digər bağlamalara olduğu kimi, “Тrendyol”dan sifariş olunan bağlamalara da gömrük orqanları tərəfindən gömrük nəzarəti qanunvericiliklə müəyyən olunmuş qaydada, qısa zaman kəsiyində tamamlanır:
“Kompleks yanaşıldıqda fiziki şəxslər tərəfindən sifariş olunan bağlamaların xarici satıcıdan yerli alıcılara çatdırılması bütöv bir zəncirdir və gömrük orqanları bu zəncirin yalnız “gömrük nəzarəti” hissəsində yer alır. Nəzərə alınmalıdır ki, bağlamaların tədarükçüdən yerli daşıyıcı şirkətlərin xaricdəki ünvanlarına və ölkəyə daşınması, eyni zamanda gömrük nəzarəti tamamlandıqdan sonra sifariş edən şəxslərin qeyd etdikləri ünvanlara təhvil verilməsi də müəyyən zaman kəsiyində tamamlanır”, – deyə Şahin Bağırov əlavə edib.
Kargo şirkətlərinin bu narahatlıqları fonunda “Trendyol” saytından Azərbaycana birbaşa daşıma prosesini həyata keçirən bir neçə şirkətin mövqeyini öyrəndik.
"Trendyol"un Azərbaycan üzrə ilk rəsmi daşıma tərəfdaşı olan "Starex" şirkətinin Şirkətin Biznesin İnkişafı Departamentinin rəhbəri Pərviz Əzimov Banco.az-a bildirdi ki, malların gecikdirilməsi ilə bağlı hər hansı problemləri yoxdur:
“Digər karpo şirkətlərini deyə bilmərəm, amma bizim mallarımız gömrükdən tam vaxtında çıxır. Müştərinin narazılığı barədə yaranmış vəziyyətə gəldikdə isə qeyd edim ki, yeni il tətili zamanı gömrük bir-iki gün işləmədi, bu səbəbdən müəyyən gecikmələr ola bilər. Ümumi olaraq bizim şirkətin daşıdığı mallar gömrüyün iş qrafikinə uyğun olaraq yoxlamaya daxil olub tam vaxtında da çıxır. "Starex"ilə bağlı hər hansı bir sıxıntı yoxdur”.
“Vadi.az” şirkətinin direktoru Asim Məmmədov da Banco.az-a açıqlamasında bildirdi ki, gecikmələrlə bağlı şikayətlərin gömrüklə əlaqədar olması fikri əssasızdır:
“Yeni il sonrası demək olar gecikmə yoxdur. Düzdür, “Black Friday” zamanı sifariş miqdarı çox olduğu üçün gecikmələr yaşana bilirdi. Bunun da səbəbi karqo təyyarələrində həcmin yetərincə olmaması ilə bağlı idi. “Vadi.az” həmin dövrdə də gün ərzində Türkiyədən iki hətta bəzi günlər üç reys çıxartmışıq. Bayramdan iki gün sonra gömrük fəaliyyətini bərpa etdi və bağlamalar zamanında yoxlanışdan çıxdı.
Qeyd edim ki, adətən gecikmələr hava yollarında yaranmış problemdən qaynaqlanır. Şirkətlər yüklərini göndərmək üçün karqo təyyarələrində yer ayırtdıra bilmirlər. Bunun üçün öncədən plan qurulub hazırlıq görülməlidir”.
Problem varsa, öncə onun səbəblərinə fokuslanıb daha sonra həlli yollarını müzakirə etmək lazımdır.
Türkiyə və Amerikadan daşımalar həyata keçirən "Koli" şirkətinin nümayəndəsi, Elektron Ticarət və İnnovativ Biznes Həlləri üzrə ekspert Nicat Manafov bu məsələnin kökündə dayanan əsas məqamlara toxundu.
Banco.az-a açıqlamasında ekspert bildirdi ki, “Trendyol”dan edilən alış-verişin, yüklərin həcminin artması qarşısında bir çox yerli karqo şirkətləri hazırlıqsız idi:
“Trendyol.com saytından sifariş edilən məhsulların birbaşa Azərbaycan ünvanlarına çatdırılması deyilən mexanizm də elə yerli karqo şirkətləri tərəfindən aparılır. Yəni “Trendyol” un Azərbaycana birbaşa çatdırma xidməti yoxdur. Sadəcə xidmətin adını bu formada dəyişdiriblər.
Son günlərdə sifariş edilən yükün həcminin artması ilə əlaqədar karqo şirkətləri çətin vəziyyətə düşdülər, çünki buna hazır deyildilər .
Məsələnin ikinci tərəfinə gəldikdə isə deyim ki, heç bir karqo şirkəti istəməz ki, onun malı geciksin.
Çünki mal gecikəndə nəinki müştərilər, bundan daha çox karqo şirkətləri zərər görür. Gecikən mallar yığımlara, biznesə ciddi zərər vurur”.
Gecikmələrin olmaması üçün karqo şirkətlərinin əllərindən gələn hər şeyi etdiyini vurğulayan Nicat Manafov mühüm bir məqama da toxundu:
“Dünyada daşıma işində peşəkarlaşmış beynəlxalq çatdırma şirkətlərinin bu işi görmək üçün konkret müəyyən edilmiş daşıma qiymətləri var. Azərbaycanda isə hazırda karqo sektorunda qiymətlər olduqca gülünc sayılacaq qədər aşağı həddədir.
Məşhur çatdırma şirkətləri məhsulun kiloqramını Amerikadan 70-80, ən ucuz isə 45 dollara gətirir. Bizim yerli karqo şirkətləri isə həmin məhsulu 7-8 dollara gətirir. Təbii ki, 70-80 dollarla, 7-8 dollar arasında fərq olmalıdır. Azərbaycan vətəndaşı bunu qəbul etmək istəmir. Əgər karqo şirkətləri nəhəng çatdırma şirkətləri kimi əməkdaşlarından tutmuş texnologiyasına, daşıma qiymətlərinə qədər investisiya etsələr həmin xərclər yenə gəlib 40-50 dollara çıxacaq” .
Bizi sosial şəbəkələrdən izləyin!!