Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Ölkə iqtisadiyyatının ayrı-ayrı sahələri üzrə qarşıdakı illərdə də iqtisadi inkişaf davam edəcəkdir. Gələn il əmək haqqında artım gözlənilə bilər. Həmçinin ölkədə logistik imkanları genişlənə bilər”.
Bu fikirləri Banco.az-a açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib. Ekspertin ehtimalına görə, gələn il Naxçıvanla Azərbaycanın quru nəqliyyat əlaqəsi bərpa oluna bilər:
“Qaz sektorunda ixrac potensialımız artır, bu sahədə də müəyyən gəlirlər əldə etməkdə davam edəcəyik. Lakin neft sektorunda müəyyən gəlirlərin azalmasını müşahidə edə bilərik. Hesab edirəm ki, 2024-cü ildə də manatın məzənnəsi sabit qalsa, kreditlərin faizlərində müəyyən azalma gözlənilə bilər.Ümumiyyətlə, növbəti ildə kəskin qiymət artımı müşahidə edilməyəcək. Ehtimallara görə, bu 10 faiz civarında ola bilər”.
Qeyd edək ki, bu ilin ilk 10 ayının yekunlarına əsasən neft-qaz sektorunda əlavə dəyər 1.6 faiz azaldısa, qeyri-neft sektorunda 3.2 faiz artım qeydə alınıb. Qarabağ və Şərqi Zəngəzurun yenidənqurma və bərpası məqsədi ilə 2023-cü ildə təxminən 5 milyard manata yaxın vəsait məhz Qarabağ və Şərqi Zəngəzurun qurulmasına yönəldilib.
İlin iqtisadi yekunlarını dəyərləndirən zaman regionların inkişafı xüsusilə vurğulanmalıdır. Ümumilikdə 4 dövlət proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir.
2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb, əhalinin nominal gəlirləri isə 10,5 dəfə artıb. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb.
2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub.
Həmin müddətdə əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub. Dövlət başçısının tapşırığına əsasən, Naxçıvanın sosial-iqtisadi inkişafına dair proqram və strateji layihələrin icrasına başlanılıb ki, bu da regionda rifahın yüksəlməsinə, biznes fəaliyyətinin genişlənməsinə münbit şərait yaradır.
Bizi sosial şəbəkələrdən izləyin!!