İran və Rusiya qarşılıqlı ticarətdə dollardan imtina edib | Banco.az

İran və Rusiya qarşılıqlı ticarətdə dollardan imtina edib

Müəllif:Mehin Qasımova/Banco.az

İran və Rusiyanın ticarətdə dollar əvəzinə milli valyutadan istifadə etmək barədə razılığa gəldiyi açıqlanıb.

Banco.az xəbər verir ki, İRNA-nın verdiyi məlumata görə, iki ölkə arasında keçirilən görüşdə dolların qarşılıqlı ticarətdən çıxarılmasına dair razılaşma əldə olunub.

Bildirilib ki, ABŞ-ın sanksiyaları altında olan İran və Rusiya bankları artıq yerli valyutalarda əməliyyatlar aparmaq üçün SWIFT-dən başqa banklararası sistemlərdən də istifadə edə bilərlər.

İran və Rusiya 2022-ci ilin iyul ayında qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə öz milli valyutalarından istifadə etməyi planlaşdırdıqlarını açıqlayıblar.

İran lideri Ayətullah Əli Xamenei 2022-ci il iyulun 19-da Tehranda Rusiya prezidenti Vladimir Putinlə görüşündə dollardan qlobal ticarətdən imtina edilməli olduğunu bəyan edərək, dolların  tədricən qlobal ticarət yolundan çıxmalı olduğunu qeyd edib.

Putin isə ABŞ-ın dolları təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını qeyd edərək, İran və Rusiyanın ticarət əlaqələrində öz milli valyutalarından istifadənin yollarını hazırladığını bildirib.

Qeyd edək ki, İran dekabrın 25-də Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət sazişi imzalayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram