Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) Rusiyaya süfrə yumurtasının ixracının başlanmasına görə bir sıra satış şəbəkələrinin guya ölkədə süfrə yumurtasının qiymətində artım olması ilə bağlı iddialarının əsassız olduğunu bəyan edib.
Banco.az xəbər verir ki, APEPEA-nın bəyanatında deyilir ki, qiymət, hətta ötən ilin eyni dövründəkindən 1 qəpik ucuzdur. İxraca yalnız və yalnız tələbatdan artıq olan yumurta göndərilir.
Assosasiya hesab edir ki, indiki şəraitdə ölkəmizdə yumurtanın qiymətinin artırılması üçün hər hansı iqtisadi əsas yoxdur.
Satıcılar isə əksinə hər il payız və qış aylarında sözügedən məhsulun azalması müşahidə olunduğunu, qiymət artımına səbəbin bu faktdan qaynaqlandığını deyirlər.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Banco.az-a açıqlamasında bildirdi ki, ölkədə yumurtanın qiymətinin qalxmasına səbəb yoxdur:
“Yerli bazarda tələbi üstləyəcək qədər yumurta olacaq. Ona görə qiymətin qalxmasını gözləmirəm. Ola bilsin ki, bir qəpik artıb və azala bilər, amma 10-15 qəpik civarında qalxma ehtimalı yoxdur.
Oktyabrın 1-dək olan məlumata görə, biz 40 milyon ədəd ixrac etmişik. Azərbaycanın ərzaqlıq yumurtaya gündəlik təlabatı 3,2-3,6 milyon ədəd, daxili istehsal isə 4,6-4,9 milyon ədəd civarındadır. Ölkənin təlabatı tam ödənilir”.
Qeyd edək ki, dekabrın 19-dan Azərbaycan Rusiyaya süfrə yumurtasının ixracına başlayıb. İndiyədək Rusiyaya ümumilikdə 1 milyon 224 min ədəd üç partiya göndərilib.
Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!