Müəllif: Gülnar Əhmədli, Banco.az
İnternet brauzerləri istifadəçilərə internetdə veb-saytları ziyarət etmək və müxtəlif onlayn məzmuna daxil olmaq imkanı verən proqramlardır. Bu proqramların köməyi ilə istifadəçilər internet səhifələrinə baxır və eyni zamanda istifadəçilər internetdə bir-biri ilə əlaqə qururlar. İstifadəçilər üstünlük verdikləri brauzerlərin sürət, etibarlılıq və istifadə rahatlığı kimi xüsusiyyətlərə malik olmasını istəyirlər.
Bu məqalədə 5 məşhur ("Google Chrome", "Mozilla Firefox", "Microsoft Edge", "Safari" və "Opera") internet brauzerinin müsbət və mənfi xüsusiyyətlərindən danışacağıq.
1. "Google Chrome"
Müsbət xüsusiyyətlər:
– "Google Chrome" yüksək performanslı brauzerdir. Səhifənin yüklənmə müddətləri olduqca sürətlidir.
– "Chrome" veb mağazası istifadəçilərə brauzerlərini fərdiləşdirmək üçün minlərlə əlavələr (plagin) təklif edir. Plaginlərin istifadəçiləri brauzeri ehtiyaclarına uyğun olaraq fərdiləşdirirlər.
– Daim yenilənən brauzerdir. Bundan əlavə, təhlükəsizliklə bağlı boşluqları aradan qaldırmaq üçün müntəzəm olaraq yenilənir.
– Brauzerlə asanlıqla HTML5 və CSS3 texnologiyalarından istifadə edə bilərsiniz.
Mənfi xüsusiyyətlər:
– "Chrome"da çoxlu səhifə açdığınız zaman sistem proqramları bir az ağırlaşır. Sistem resurslarınız bir az aşağıdırsa, bu, kompüterlərdə performans itkisinə səbəb olacaq. Xüsusilə kompüteriniz köhnədirsə, yavaşlama qaçılmazdır.
– "Chrome" istifadəçi hərəkətlərini izləyir və bu hərəkətlər haqqında məlumat toplayır. Brauzer həmçinin istifadəçilərə hədəflənmiş reklamları göstərmək üçün bu məlumatlardan istifadə edir.
2. "Mozilla Firefox"
Müsbət xüsusiyyətlər:
– "Firefox" açıq mənbəli brauzer olduğundan, istifadəçilərinə proqramı sərbəst şəkildə nəzərdən keçirməyə, paylaşmağa və dəyişdirməyə imkan verir.
– Brauzerdən "Windows", "Linux", "macOS", "Android" və "iOS" əməliyyat sistemlərində istifadə etmək mümkündür.
– "Firefox" istifadəçilərə brauzerdə çoxlu fərdiləşdirmələr etməyə imkan verir. Mövzular, menyu parametrləri və düymə düzümü kimi bir çox detalları fərdiləşdirə bilərsiniz.
– "Firefox" daim yenilənən bir brauzerdir. Tez-tez yenilənən brauzerə yeni funksiyalar əlavə olunur.
Mənfi xüsusiyyətlər:
– "Firefox" "Chrome ilə müqayisədə daha az əlavə proqramlara malikdir. Buna görə "Firefox"da bəzi xüsusi əlavələr tapa bilməyəcəksiniz.
– Digər brauzerlərlə müqayisədə "Firefox"un reklam bloklama funksiyaları o qədər də təkmilləşdirilməyib.
– "Firefox"a əlavə edilmiş bütün əlavələr eyni istifadəçi ID-si altında hazırlandıqda, brauzer yavaşlaya və bəzi hallarda açılmaya bilər.
3. "Microsoft Edge"
Müsbət xüsusiyyətlər:
– "Microsoft Edge" istifadəçilər üçün üstünlükdür, çünki o, "Google Chrome"un "Chromium" mühərrikindən istifadə edir.
– "Chromium" əsaslı olduğu üçün səhifələri tez yükləyir və aşağı sistem resurslarından istifadə edərkən üstünlüklər verir.
– Brauzerin tam "Windows" inteqrasiyası ilə istifadəçilər bütün "Windows" xüsusiyyətlərindən asanlıqla faydalana bilərlər.
Mənfi xüsusiyyətlər:
– "Chrome" və "Firefox" ilə müqayisədə əlavə mağazada tətbiqlərin sayı məhduddur və azdır.
– "Edge"in reklam bloklama xüsusiyyətləri digər brauzerlərdən bir qədər zəifdir.
– "Microsoft Edge" "Microsoft"un öz ekosisteminə daha çox inteqrasiya olunmuş brauzerdir.
4. "Safari"
Müsbət xüsusiyyətlər:
– "Safari" "macOS" və "iOS" cihazları üçün uyğundur.
– Brauzerin enerjiyə qənaət edən xüsusi dizaynı "Apple" cihazlarında daha uzun batareya ömrü olmasına kömək edir.
– İstifadəçi məxfiliyinə üstünlük verən "Safari"nin məxfilik xüsusiyyətləri vasitəsilə istifadəçilər onlayn olduqda daha təhlükəsiz olurlar.
Mənfi xüsusiyyətlər:
– Əlavələr mağazası çox inkişaf etməyib, buna görə də seçimlərin sayı məhduddur.
– "Safari" digər brauzerlərə nisbətən daha az yeniləmə alır. Bu da bəzi hallarda istifadəçilərin təhlükəsizlik və performans problemləri ilə üzləşməsinə səbəb olur.
5. "Opera"
Müsbət xüsusiyyətlər:
– Yüksək performans təklif edən "Opera" səhifələri tez yükləyir və sistem resurslarından aşağı səviyyədə istifadə edir.
– Ən vacib üstünlüklərdən biri pulsuz inteqrasiya edilmiş VPN təklif etməsidir. Başqa sözlə desək, istifadəçilər heç bir iz qoymadan internetdən anonim istifadə edə bilirlər.
– "Opera" istifadəçilərə reklamsız internet təcrübəsi təqdim etmək üçün reklamların bloklanması funksiyalarını təklif edir.
– Brauzerin məlumat qənaət rejimi səhifə yükləmə vaxtlarını azaltmaqla həm məlumatlara, həm də vaxta qənaət edir.
Mənfi xüsusiyyətlər:
– "Opera"nın plagin mağazası digər brauzerlərlə müqayisədə zəifdir.
– Bəzi veb-saytlarda uyğunsuzluq səbəbindən brauzer xətalara və yükləmə problemlərinə səbəb olur.
Təhlükəsizlik, sürət, fərdiləşdirmə və plugin mağaza zənginliyi kimi meyarlara əsaslanaraq ehtiyaclarınıza uyğun seçiminizi edə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!