2024-cü ildə iqtisadiyyatımızı nə gözləyir? - Pərviz Heydərov danışdı | Banco.az

2024-cü ildə iqtisadiyyatımızı nə gözləyir? - Pərviz Heydərov danışdı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda inflyasiya 9.4% təşkil edib.

Banco.az xəbər verir ki, 10 aylıq göstərici ilə müqayisədə Azərbaycanda inflyasiya 1,5% bəndi azalıb.Məlumata görə 2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 109,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4%, qeyri-ərzaq məhsulları üzrə 108,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6% təşkil edib.2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8%, əvvəlki ilin noyabr ayına nisbətən isə 102,6% təşkil edib.Bundan əlavə, 2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8%, əvvəlki ilin noyabr ayına nisbətən 102,6% təşkil edib.

Banco.az gələn il ölkədə inflyasiya göstəriciləri ilə bağlı iqtisadçı Pərviz Heydərovla söhbət edib.

Ekspert açıqlamasında bildirdi ki, ölkəmiz idxaldan asılı vəziyyətdə olduğundan hər şey daha çox xarici təsirlərdən qaynaqlanır:

“2021-2022-ci illərdəki inflyasiya və bahalaşma dalğası da bu səbəbdən ortaya çıxmışdı. Biz cari ilin may ayında  qlobal tendensiyada bu vəziyyəti hiss etdik.  Ancaq  gec olmaqla bərabər, həm də idxal məhsulları üzrə istənilən səviyyədə ucuzlaşma qeydə alınmadı. Yəni inflyasiya ilə bahalaşma istənilən həddə səngimədi.  Qlobal bazarlarda ucuzlaşma yanvardan müşahidə edilməyə başlanılmışdı. Enerjidaşıyıcıların qiymətlərindəki eniş ilin başlanğıcından ərzaq məhsullarının ucuzlaşmasına start vermişdi.

Son rəqəmlər prosesin hələ də tələb olunan səviyyədə səngimədiyini göstərir. Yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrünə nisbətən 9,4%-ə (yəni birrəqəmli həddə) ensə də, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə müvafiq rəqəm yenə ikirəqəmli (10,4%) qalır. Bu da onu göstərir ki, idxalın təsir və təzyiqi güclüdür”.

Ümumi inflyasiya və bahalaşma tempi aydan-aya zəiflədiyini xatırladan iqtisadçı düşünür ki, bahalaşmaya səbəb olan amilləri həm obyektiv, həm də subyektiv səbəblərdəndir:

Ən sərfəli kredit üçün müraciət et

“İlin sonuna bilavasitə ərzaq məhsulları, içkilər və tütün məmulatları sarıdan birrəqəmli inflyasiyanın qeydə alınacağını söyləmək çətindir. Ümid 2024-cü ilədir. Cari ildə başlanan prosesin gələn il də davam edəcəyi, başqa sözlə, növbəti ildə ölkəmizə kənar təsir və təzyiqlərin bir az da zəifləyəcəyi gözlənilir. Bu da 2024-cü ildə inflyasiyanın birrəqəmli olacağına əminlik yaradır. Yeri gəlmişkən, Mərkəzi Bankın baza ssenarisi üzrə illik inflyasiya proqnozları belədir: 2023-cü ilin sonuna 4,3%; 2024-cü ilin sonuna 5,3%; 2025-ci ilin sonuna isə 3,4%...

Hərçənd, bunlar ehtimaldır. Çünki bizdə növbəti azı 2-3 il ərzində də inflyasiyanın səviyyəsini qlobal bazarlardakı vəziyyət müəyyən edəcək. Qlobal məkanda ciddi siyasi-hərbi hadisə baş verməsə, böhran yaranmasa, enerjidaşıyıcıları üzrə qiymətlərdə "vulkan püskürməsi" olmayacaq, bu da ərzaq və digər məhsulların dəyərinin sabit qalmasına şərait yaradacaq. Nəticədə ölkəmizdə də inflyasiya tempi azalmaqda davam edəcək və qiymətlər sabitləşəcək”.

Pərviz Heydərov qeyd etdi ki, gələn il inflyasiyanın birrəqəmli, yoxsa ikirəqəmli olacağını demək mümkün deyil:

“Burada hökumətin tənzimlənən qiymətlərə dair nə kimi siyasət yürüdəcəyi də mühüm rol oynayacaq. İl ərzində tənzimlənən qiymətlər - benzin, enerji, su, qaz artırılmasa, inflyasiya azalacaq.

Ümumiyyətlə, ölkədə qiymətlərin sabit qalmasını istəyiriksə, yerli istehsal genişləndirilməli, maya dəyəri aşağı salınmalı və inhisarçılıq aradan qaldırılmalıdır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram