Ölkədə 2023-cü ildə ÜDM artımı niyə zəif oldu? – Elman Sadıqov cavabladı | Banco.az

Ölkədə 2023-cü ildə ÜDM artımı niyə zəif oldu? – Elman Sadıqov cavabladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda iqtisadi artım tempi 0,8%-dən 0,5%-ə enib. Belə ki, 2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

ÜDM istehsalının 41,3 faizi sənaye, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 9938,7 manata bərabər olub.

Yola salacağımız ildə ÜDM artımının azalma səbəbləri barədə iqtisadçı Elman Sadıqov Banco.az-a açıqlama verib.

Müsahibimiz bildirdi ki,  bunu daha yaxşı dərk etmək üçün 2022-ci ilin ÜDM göstəricilərindəki artım səbəbinə nəzər yetirmək lazımdır:

“2022-ci ildə 133.8 milyard manatlıq ÜDM-nin əsas səbəbləri Rusiya-Ukrayna müharibəsi nəticəsində dünya bazarlarında yüksək neft qiymətləri ilə yanaşı qiyməti az qala 6-7 dəfəyə qədər bahalaşan qaz qiymətləri və qaza olan yüksək tələb oldu. Həmin ildə qaz gəlirləri az qala neft gəlirlərinə yaxınlaşırdı. Bu isə azalan neft hasilatını artıqlaması ilə kompensasiya etdi. Biz qaz bazarında 2022-ci ilin anormal qiymətlərini 2023-cü ildə görmədik.

Hazırda SOCAR-ın neft gəlirləri və müvafiq olaraq neft gəlirləri üzrə büdcə daxilolmalarının (vergilərin) aşağı düşməsinin şahidi olmaqdayıq və bu temp böyük ehtimalla davam edəcək. Bütün bunların fonunda 2023-cü ildə neft-qaz sahəsində ÜDM-nin 2022-ci il ilə ciddi şəkildə rəqabətə girərək artım göstərəcəyini gözləmək doğru deyildi. Əksinə, yanvar-oktyabr aylarında netf sektorunda 2.3%-lik azalma müşahidə olunur ki, bu da gözlənilən idi”.

Ən sərfəli kredit üçün müraciət et

Məsələnin digər tərəfi qeyri-neft sektorunda müşahidə olunan 3.1%-lik artım və bu tempi artırmaq üçün atıla biləcək addımlar barədədir. Bir çoxları düşünür ki,  neft-qaz gəlirləri qeyri-neft sektorunun inkişafını sürətləndirməlidir.

Bu barədə danışan Elman Sadıqov isə hesab edir ki, neft-qaz gəlirləri əslində qeyri-neft sektoruna dəstəkləyici deyil, bir çox hallarda boğucu təsir göstərir:

 “Bunun səbəbləri çoxdur. Resurs gəlirləri ölkələrdə “Holland sindromu”nun formalaşmasına səbəb olur. İqtisadi sahədə formalaşan bu sindrom iqtisadi konyukturaya, yanaşma və düşüncə tərzlərinə, mentalitetə və sair sosial, psixoloji amillərə təsir edərək dərin iz buraxır. Sonra hökumət bu sindromun qırılması üçün addımlar atır, islahatlar aparır. Lakin, həmin islahatların həyata keçirilməsi zamanı yenə də illər öncə kök atmış və düşüncələri dəyişmiş həmin sindromun mənfi təsirləri bəzən açıq şəkildə hiss olunmasa da demək olar ki, bütün sahələrdə həlledici rol oynayır. Çünki, bu sindrom bütün sahələrə səssiz və ağrısız bir şəkildə metastaz vermə xüsusiyyətinə malikdir. Bu səbəbdən bizim əsas məqsədimiz bu təsirləri müəyyən edərək kənarlaşdırmaq, düşüncə və yanaşma tərzini kökündən dəyişməkdir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et