Regionlarda kredit almaq müşkülə çevrilib: Banklar rayon sakinlərinə kredit niyə vermir? | Banco.az

Regionlarda kredit almaq müşkülə çevrilib: Banklar rayon sakinlərinə kredit niyə vermir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Regionlarda  sahibkarlar paytaxtdan fərqli olaraq kənarda kreditləşmə imkanlarından kifayət qədər yaxşı istifadə edə bilmirlər.

Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirdi ki,  Azərbaycanda məşğulluğun regionlar üzrə pay bölgüsü və kredit portfelində olan regionların pay bölgüsü təxmini olaraq düz mütənasiblik təşkil edir:

“Statistikaya əsasən Azərbaycandakı kommersiya banklarının verdiyi kreditlərin yenə 80 faizə qədəri Bakının payına düşür. Açılmış iş yerlərinin 80 faizi də Bakıda yerləşir. Bu o deməkdir ki, kreditləşmə eyni zamanda iş yerlərinin açılmasına birbaşa ciddi təsir göstərir. Deməli, regionların da kreditləşməsinə ehtiyac var.

Doğrudur,  Mərkəzi Bank banklara regionların kreditləşməsi ilə bağlı tələb qoya bilməsə də, bankların regionlara kredit verməsi ilə bağlı situasiyanı stimullaşdırmaq olar”.

Bəs bankları regionlara kredit verməkdə necə cəlb etmək olar?

“Bu məsələdə bir problem var. O da girovun reallaşması ilə bağlıdır. Adətən banklar regionlarda girov götürməyə maraqsız olurlar. Gəlirlilik baxımından regionlar o qədər də üstün olmadığından verilmiş kreditin geri dönüşündə də risklər yaranır. Buna görə də bankları regionlara kredit verməyə, sadəcə həvəsləndirmək üçün mexanizm düşünmək lazımdır”.

Ən sərfəli kredit üçün müraciət et

 Güzəştlər hansı formada ola bilər?

“Bildiyimiz kimi, hər bir bankın müəyyən istiqamətlərdə öhdəlikləri var. Müxtəlif istiqamətlərdə bu öhdəliklərin hansısa bir formada azaldılması,  güzəştlərin edilməsi mexanizmini tətbiq etmək olar. Bu da bankları bilavasitə regionlara marağını artırmaqla bərabər kreditləşmənin səviyyəsini də artıracaqdır”.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda (Şamaxı, İsmayıllı, Ağsu və Qobustan) təklif edilir.
Bu iqtisadi rayonumuzda kreditlər üzrə orta faiz 19.6-dır. Qarabağ iqtisadi rayonunda da kredit faizləri yüksəkdir. Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarında banklar krediti orta hesabla 19.37 faizlə verirlər. Mil-Muğan və cənub bölgələrimizdə də orta kredit faizi 19 üzərindədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et