Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycana bu ilin yanvar-oktyabr aylarında 65 milyon dollar dəyərində 121,5 min ton gübrə idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, cari ilin hesabat dövründə gübrə idxalı ölkənin ümumi idxalının 0,46%-ni təşkil edib.
Rəsmi statistikaya əsasən 2023-cü ilin yanvar-avqust aylarında 49,7 milyon dollar dəyərində 86,4 min ton gübrə idxal edilib.
2023-cü ilin yanvar -aprel aylarında Azərbaycana $29 milyon 218,5 min dəyərində (artım 27%) 45,268 min ton mineral gübrə idxal edilib. Bu da 51,6% artım deməkdir.
Cari ildən fərqli olaraq 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 81,9 milyon ABŞ dolları dəyərində gübrə idxal edib. Məlumata görə, bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 92,6% çoxdur.
Ölkədə mineral gübrə istehsalı ilə SOCAR-ın Karbamid Zavodu məşğul olur.
Azərbaycanda fermerlərin mineral gübrələrə olan ehtiyacı uzun illər tam idxal hesabına ödənilsə də, 2019-cu ildə Sumqayıt Karbomid Zavodu fəaliyyətə başladıqdan sonra azot gübrələrinin idxalı sürətlə azalıb. 2019-2021-ci illər üzrə ölkədə istehsal olunan karbamidin orta hesabla illik 45 min tonu daxili bazarda istehlak edilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir. İstehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub.
Statistikaya əsasən, 2023-cü ilin yanvar-may aylarında Azərbaycan 104,722 min ton mineral gübrə ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 15% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ixrac olunmuş mineral gübrələrin ümumi dəyəri $30 milyon 396,5 min təşkil edib ki, bu da 63,8% azalma sayılır.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 163 531,65 min ABŞ dolları dəyərində 275 702.94 ton azot gübrəsi ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci il ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 3,3 dəfəyədək, həcmi isə 37,6% atıb.
2022-ci ilin sentyabr ayında ölkədən 21 297.1 min dollar dəyərində 32 769.9 ton sözügedən məhsullar ixrac olunub ki, bu da avqust ayı ilə müqayisədə dəyər ifadəsində 4,9% çox, həcm ifadəsində isə 21,8% azdır.
2022-ci ilin ilk 9 ayında gübrənin ümumi ixracda xüsusi çəkisi 0,55%-ə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 7,73%-ə bərabər olub.
Ümumiyyətlə, dünyada gübrə qiymətləri əhəmiyyətli dərəcədə artıb. Bütün dünyada kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir edən bu vəziyyət 2023-cü ildə bir qədər müsbətə doğru dəyişilsə də, gübrə bazarı üçün risklər hələ də qalmaqdadır.
Dünyada gübrələrin əsas istehlakçıları qarğıdalı, buğda və düyü istehsalçılarıdır. Dünyada azot gübrələrinin ən böyük ixracatçıları Rusiya və Çindir. Bu ölkələr son illərdə birinci və ikinci yerləri bölüşdürürlər. 2021-ci ilin son məlumatlarına görə, Rusiya liderliliyi ələ alıb. Bu ölkə 2021-ci ildə dünya bazarını 25 faiz ammonyak, 14 faiz karbamid və 42 faiz karbamid-ammonyak qarışığı (UAN) ilə təmin edib və bundan 12,5 milyard dollar qazanıb.
Statistikaya əsasən yanvar-iyul aylarında ABŞ Rusiya gübrələrinin alışını rekord səviyyəyə – 944 milyon dollara çatdırıb.
ABŞ bu ilin yanvar-iyul aylarında gübrə idxalını 22% azaldaraq, altı milyard dollara çatdırıb. Eyni zamanda, bu kateqoriya üzrə Amerika ixracı da - 36% azalaraq 3,4 milyard dollara düşüb.
Qeyd edək ki, Rusiya 2023-cü ildə ABŞ-a gübrə tədarükündə ikinci yeri tutub. Birinci yerdə yeddi ayda 2,8 milyard dollar dəyərində gübrə tədarük edən Kanadadır. İlk beşliyə, həmçinin Səudiyyə Ərəbistanı (484,4 milyon dollar), İsrail (216 milyon dollar) və Qətər (214,2 milyon dollar) daxildir.
Məlumat üçün bildirək ki, Azərbaycan Kanadadan gübrə idxalını bərpa edib.
Bizi sosial şəbəkələrdən izləyin!!