Avropa İttifaqı yeni bankı ilə bərpa olunan hidrogenə dəstək verəcək | Banco.az

Avropa İttifaqı yeni bankı ilə bərpa olunan hidrogenə dəstək verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) tərəfindən bərpa olunan hidrogen istehsalını dəstəkləmək üçün yaradılan Hidrogen Bankı 800 milyon avroluq ilk tenderini elan edib.

Banco.az xəbər verir ki, bu barədə Avropa Hidrogen Bankının fəaliyyəti ilə bağlı Avropa Komissiyasının bəyanatında deyilir.

Belə ki, bank Aİ-nin emissiya ticarətindən əldə etdiyi gəlirlər hesabına təmin edilən 800 milyon avroluq resursu bərpa olunan hidrogen istehsalçılarını dəstəkləməyə yönəldəcək.

Bəyanatda bərpa olunan hidrogen istehsalçılarının istehsal edilən hidrogenin kiloqramı üçün sabit mükafat şəklində dəstək almaq təklifi verə biləcəyinə diqqət çəkilib. Bildirilib ki, mükafat istehsal qiyməti ilə istehlakçıların ödəməyə hazır olduğu qiymət arasındakı boşluğu doldurmaq məqsədi daşıyır.

Bəyanatda vurğulanır ki, Hidrogen Bankı bərpa olunan hidrogen bazarı yaratmaq, istehsal gücünə investisiyaları təşviq etmək və hasilatı artırmaq məqsədi daşıyır. Həmçinin qeyd olunub ki, bərpa olunan hidrogen Avropanın gələcək enerji kompleksində, xüsusilə ağır sənaye və nəqliyyatda mühüm rol oynayacaq.

Bəyanatda xatırladılıb ki, Aİ 2030-cu ilə qədər üzv ölkələrdə 10 milyon ton hidrogen istehsal etməyi hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram