Azərbaycana gətirilən avtomobil nasaz çıxarsa, geri çağırılırmı? | Banco.az

Azərbaycana gətirilən avtomobil nasaz çıxarsa, geri çağırılırmı?

Müəllif:Mehin Qasımova/Banco.az

Vaxtaşırı iri avtomobil istehsalçıları  milyonlarla avtomobilini geri çağırdığını elan edirlər. Bu yaxınlarda avtomobil nəhəngləri   “Hyundai” və “Kia” ABŞ-da yanğın riski səbəbindən təxminən 1,7 milyon avtomobili geri çağırıb.

Məlumata görə,  avtomobillərdəki Hidravlik Elektron İdarəetmə Bölməsi (HECU) elektrik qısaqapanması ilə üzləşə bilər ki, bu da dayandıqda  və ya sürərkən mühərrik bölməsində yanğınla nəticələnə bilər.  Eyni zamanda , iri avtomobil istehsalçısı  “Toyota" 1,9 milyon avtomobilini  geri çağırıb. Toyota-dan verilən açıqlamaya görə, RAV4-lər güclü dönmələr zamanı hərəkət edə bilən və yanğına səbəb ola biləcək batareyalardakı problemi aradan qaldırmaq üçün geri çağırılıb.

Nəzərə alsaq ki, adıçəkilən avtomobillərdən ölkəmizdə yetəri qədərdir. Bəs ölkəmizə xaricdən gətirilən avtomobillər nasaz çıxarsa, geri çağırılırmı?

Məsələ ilə bağlı Banco.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov  bildirir ki, istehsalçılar hər ölkənin, hər qitənin standartına uyğun olaraq avtomobillər  istehsal edirlər:

“ Lakin bir çox avtomobil şirkəti istehsal etdiyi avtomobillərini  nasazlıq səbəbindən geri çağırmalı   olur. Avtomobil sənayeçiləri avtomobillərini geri çağırdıqda həmin avtomobillər zavoda qayıtmır. Avtomobillər rəsmi satış mərkəzlərinə, diler və ya distribütorların mərkəzlərinə gətirilir. Məsələn, avtomobil istehsalçısı elan edir ki, 2009-cu ildə istehsal olunan hər hansı bir modeldə nasazlıq var və bu avtomobillər geri çağırılır. Nasazlıq  istehsalçı hesabına aradan qaldırılır. Vətəndaşdan isə bunun müqabilində hər hansı bir ödəniş tələb olunmur". 

Eldəniz Cəfərov qeyd edir ki, əgər avtomobil  qəzaya uğrayıbsa və  avtomobilin qəzaya uğraması istehsalçının ucbatından olubsa, əlbəttə ki,  hər bir vətəndaşın hüququ var ki, həmin şirkəti məhkəməyə versin, təzminat tələb eləsin:

“Avtomobillərin anidən yanmasını bəzən istehsalçının səhvi kimi göstərilir. Bu 99 faiz avtomobili idarə edən şəxsin öz günahıdır. Avtomobilə zavod tərəfindən məsləhət görülməyən fərqli işıq cihazları, elektron cihazlar quraşdırırlar və bu da əlbəttə ki, yanğına səbəb olur”.

Ekspertin sözlərinə görə, hər hansı bir şirkət tərəfindın avtomobillər geri çağırıldıqda Azərbaycandakı maşınlar da geri çağırılır:

“Yaponiya avtomobil istehsalçıları hər hansı nasazlıq baş verdikdə bu təcrübəni ölkəmizdə də həyata keçirirlər. İstehsalçıların rəsmi saytlarında xüsusi bir link yerləşdirilir. Azərbaycanda olan avtomobil  sahibləri  avtomobilin VİN kodunu, ban nömrəsini ora daxil edirlər və avtomobildə əgər geri çağırılma varsa, hər hansı bir detal dəyişməlidirsə , həmin vətəndaş rəsmi diller mərkəzinə  dəvət olunur  və  avtomobil təmir edilir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram