Hasilatın könüllü azaldılması neftin qiymətinə necə təsir edəcək? | Banco.az

Hasilatın könüllü azaldılması neftin qiymətinə necə təsir edəcək?

Müəllif :Gülbəniz Hüseynli /Banco.az

Rusiya 2023-cü ilin dekabr ayının sonuna qədər neft və neft məhsullarının tədarükünü sutkada 300 min barelə qədər azaltmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak açıqlamasında məlumat verib. A.Novak qeyd edib ki, dekabr ayında neft hasilatının azaldılması və ya artırılması ilə bağlı qərarın qəbul edilməsi üçün bazar təhlili aparılacaq.

Nazir müavinin sözlərinə görə, Rusiyanın dekabr ayı üçün hasilatı könüllü azaltma ilə bağlı açıqlaması 2023-cü ilin aprelində verdiyi qərarının davamıdır.

"Hasilatın könüllü azaltma OPEC+ ölkələrinin neft bazarlarında sabitliyi və tarazlığı qorumaq üçün gördüyü tədbirləri gücləndirmək məqsədi daşıyır", - Rusiya baş nazirinin müavini əlavə edib.

 Səudiyyə Ərəbistanı da bu ay qüvvədə olan neft hasilatının sutkada 1 milyon barel azaldılmasını ilin sonuna qədər uzadacağını bildirib.

Bu xəbərlər fonunda neft qiymətləri yüksəlib. Londonun ICE birjasında “Brent” markalı neftin 2023-cü ilin noyabrı üçün fyuçers müqaviləsinin qiyməti ötən ilin 17 noyabr tarixindən bəri ilk dəfə bir barel üçün 91 dollardan yuxarı qalxıb.

Analitiklərin təhlillərinə görə, qiymət artımının səbəbi Səudiyyə Ərəbistanının bu addımının bazar gözləntilərini aşması idi.

Xatırladaq ki, aprel ayında Rusiya neft hasilatını 2024-cü ilin sonuna qədər gündəlik 500 min barel, avqustda neft ixracını isə gündəlik 500 min barel, sentyabrda isə 300 min barel azaltmaq qərarına gəlib.

Ümumiyyətlə, 2023-cü ilin sonuna qədər razılaşma çərçivəsində “OPEC+” üzvləri gündəlik neft hasilatını 2 mln. barel azaldacaq. İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 mln. barel azaldacağını bəyan edib. Bundan əlavə, bir sıra razılaşma iştirakçısı (həmçinin Səudiyyə Ərəbistanı və Rusiya) kvotaları əlavə könüllü azaltmalara da qərar verib.

2023-cü ilin əvvəlindən etibarən dünya bazarlarında neftin qiymətlərinin çox tez-tez dəyişməsi fonunda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul etdilər. Bu qərardan dərhal sonra dünya bazarında neftin qiymətlərində 5 dollara qədər artım müşahidə olundu.

Ən sərfəli kredit üçün müraciət et

Ekspertlər hesab edir ki, hasilatın azaldılması qiymətlərin bazarda ədalətli mövqe tutması üçün atılan səylərdir.

“Business Insider” sentyabr ayında yazmışdı ki, Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatını azaltması “qara qızıl”ın qiymətinin artmasına səbəb olmaqla bərabət Qərb ölkələrinin yüksək inflyasiyadan çıxmaq planlarını puça çıxara bilər .

Analitiklərin qənaətinə görə, bu kimi addımlar qlobal neft bazarında əhəmiyyətli qıtlıq yaratmaqla kifayətlənməyib həm də bütün dünyada neft qiymətlərinin artmasına səbəb ola bilər.

Çünki hasilatın azaldılmasının Qərbdə inflyasiyaya və iqtisadi siyasətə təsirini proqnozlaşdırmaq çətindir, lakin neftin yüksək qiymətləri inflyasiyanın qarşısını almaq üçün xüsusilə ABŞ-da fiskal sərtləşdirmə ehtimalını artıracaq.

Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı da ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib.

Azərbaycana gəldikdə isə, ölkəmiz gündəlik neft hasilatının həcmi ilə bağlı “OPEC+”ın qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə seçilib.  2022-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 577,7 min barel təşkil edib ki, bu da OPEC+ razılaşmasına 124,1 faiz əməl olunması deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et