Azərbaycan turizm sektoru payız-qış mövsümünə hazırdır? | Banco.az

Azərbaycan turizm sektoru payız-qış mövsümünə hazırdır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 184 ölkədən 1 milyon 535,8 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Banco.az xəbər verir ki,  bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki,  gələnlərin 31 %-i Rusiya, 17,8 %-i Türkiyə, 7,5 %-i İran, 5 %-i Hindistan, 4,8 %-i Gürcüstan, 4,3 %-i Səudiyyə Ərəbistanı, 2,7 %-i Qazaxıstan, 2,5 %-i Pakistan, 2 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,8 %-i Özbəkistan, 1,7 %-i İsrail, hər birindən 1,5 % olmaqla Küveyt və Ukrayna, 1,4 %-i Belarus, 1,2 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Çin və Böyük Britaniya, 11,1 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 69,7 %-ni kişilər, 30,3 %-ni qadınlar təşkil edib. Bundan başqa, son 1 ildə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 619,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 39,5 % artaraq 77,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,3 % azalaraq 257,1 min nəfər olub.

Hazırda Avropadan ölkəmizə turist axının çoxaldığını bildirən “Smart Hotels Management” hotel idarəetmə şirkətinin təsisçisi və rəhbəri, turizm eksperti Ceyhun Aşurov Banco.az-a bildirdi ki,  əsas səbəb Avropa bazarlarında turizmlə bağlı məhdudiyyətlərin aradan qaldırılması və səyahətlərin artırılmasıdır:

“Ümumiyyətlə, dünya turizm ekspertləri hesab edir ki, sabit şərtlərdə 2023-cü ilin sonuna qədər dünya turizm bazarı 90 - 95 faiz bərpa oluna bilər. Bu da bütün ölkələrə səyahətlərə təsir edəcək. Pandemiyadan sonra məhdudiyyətlərin aradan qaldırılması daha təhlükəsiz, rahat şəkildə səyahətləri artırmış oldu. Dünyada səyahət edənlərin təxminən yarısı Avropa qitəsinin payına düşür. Azərbaycanda müxtəlif beynəlxalq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olaraq, xüsusən Avropadan  kifayət qədər turistlər gəlir və bu da əvvəlki illə müqayisədə hazırkı statistik artımı gerçəkləşdirmiş olur”.

Ölkəmizin xarici turistlər üçün payız-qış mövsümündə də cəlbedici olduğunu vurğulayan ekspert hesab edir ki,  2022-ci ildə təxminən 50 faiz ə qədər bərpa olunan turizm bazarı bu il daha da çoxalacaqdır:

Ən sərfəli kredit üçün müraciət et

“Azərbaycanda hələ də quru sərhədlərin bağlı olmasına baxmayaraq  təyyarə ilə Azərbaycana uçuş coğrafiyasında artım hiss olunur.  Ölkəyə gələn turistlərin sayının artması keçirilən tədbirlərdən və turizm üçün yaradılmış əlverişli şərait ilə birbaşa əlaqəlidir. Hal-hazırda biz daha çox daxili turizmdə canlanma hiss edirik. Bu, 2019-cu  il göstəricisindən az olsa da, istənilən halda bazar bərpa olunmaqdadır və gələcəkdə bunun artımın davam etməsinin şahidi olacağıq”.

Qeyd edək ki, payız-qış mövsümündə hava limanı baza aviadaşıyıcısı olan AZAL-ın bir sıra yeni istiqamətlərini açmaqla və yeni aviaşirkətlər cəlb etməklə öz marşrut şəbəkəsini genişləndirəcək. Həmçinin müxtəlif beynəlxalq istiqamətlərə uçuşların tezliyinin artırılması gözlənilir ki, bu da sərnişinlərə daha çox səyahət variantları təqdim edəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Banco.az-a verilən məlumata görə, bu müddət ərzində Bakıdan 18-i aşağı büdcəli aviadaşıyıcı olmaqla 37 aviaşirkət tərəfindən 70-dən çox istiqamətə müntəzəm və çarter reysləri yerinə yetiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et