Müəllif: Mehin Qasımova/Banco.az
Əksər insanlar maddi ehtiyaclarını ödəmək üçün ya banka, ya bank olmayan kredit təşkilatına, ya da lombarda üz tuturlar.
Bəs müştəri üçün bu strukturlardan hansı daha etibarlı və sərfəlidir?
Bank sektoru üzrə ekspert Rəşad Həsənov bank kreditlərinin insanlar üçün daha sərfəli olduğunu vurğulayır:
“Çünki bankların verdiyi təminatlar daha sərfəli olur. Biz bankların verdiyi girovlar qarşılığında kreditlərin götürülməsi zamanı bunun şahidi oluruq. Bank tənzimlənən sektordur. Onun nəzarətedici strukturu, qanunverici əsasları və məcburi yığımları var. Hansı ki Mərkəzi Bank tərəfindən bu öhdəliklər müəyyən edilir. Eyni zamanda, girovların sığortalanması və digər tələblər də daxil olmaqla bank vətəndaşın girovunun taleyi ilə bağlı daha etibarlı mənbədir.
Banklar daha aşağı faizlə kreditləşməni həyata keçirmək imkanına malikdirlər. Böyük maliyyə vasaitərini idarə edən strukturlar kimi, banklar da bir çox səlahiyyətə malikdirlər. Bu da gələcəkdə kredit götürənin maliyyə xərclərinin daha aşağı olmasına gətirib çıxarmaqla, onun kreditqaytarma qabiliyyətinə müsbət təsir göstərir”.
Ekspet qeyd edir ki, lombardlarla bağlı qanun layihəsi parlamentdə qəbul edilsə də, bu sahədə ciddi tənzimləmələrlə bağlı çatışmazlıqlar qalmaqdadır:
“Digər tərəfdən, lombardlar daha yüksək faizlər tətbiq edirlər. Lakin lombardlar banklarla müqayisədə sənədləşmə prosedurlarında və digər məsələlərdə müştərini yormurlar. Lombardlar sadəcə girov qarşılığında vətəndaşı müəyyən vəsaitlə təmir edirlər. Banklardan kredit əldə edilməsi çətin olduqda insanlar çıxış yolu kimi lombardlara üz tuturlar”.
Bank məsələləri üzrə eskpert Cəfər İbrahimli lombardlarla banklar arasında böyük fərqlərin olduğunu bildirir:
“Lombardlar ölkədə lisenziyalaşdırılan və nəzarət olunan bir struktur deyil. Amma banklar bütün hesabatları ilə Mərkəzi Bank tərəfindən daim nəzarət olunan, yoxlanılan bir qurumdur. Vətəndaşların əmanətləri banklar tərəfindən xüsusi qaydada qorunur. Ona görə də əmanətlərlə bağlı hər hansı bir təhlükədən söhbət gedə bilməz. Yəni, qurum müştərinin əmanətinə zəmanət verir.
Araşdırmamız nəticəsində bu qənayətə gəlmək olar ki, lombardlara o şəxslər daha çox müraciət edirlər ki, banklardan kredit götürə bilmir və yaxud da kreditləşmə ilə bağlı müəyyən problemləri var. Çünki bu gün banklar vətəndaşlara daha sürətli və sərfəli prosedurlarla kredit təklif edirlər”.
Bizi sosial şəbəkələrdən izləyin!!