Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 218,5 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Dövlət Statistika Komitəsindən Banco.az-a bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 6,7 faiz artıb.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,4 faiz gəlir əldə edilib.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 443,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 46,5%, neft koksunun istehsalı 45,8%, avtomobil benzininin istehsalı 31,1%, qazoylların (dizel yanacağının) istehsalı 26,1% artıb. Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 43,2%, mazut istehsalı isə 91,5% azalıb.
Onu da bildirək ki, Azərbaycan hökuməti 2023-cü ildə avtomobil benzini istehsalını 1 milyon 444 min ton, dizel istehsalını 2 milyon 533 min ton səviyyəsində proqnozlaşdırır.
2024-cü ildə ölkədə benzin istehsalı 1 milyon 519,6 min tona, 2025-ci ildə 1 milyon 535,6 min tona, 2026-cı ildə isə 1 milyon 551,6 min tona qədər artacaq. Beləliklə, 2023-2026-cı illərdə benzin istehsalı 7,5% artacaq.
Proqnozlara görə, 2024-cü ildə 2 milyon 542,6 min ton, 2025-ci ildə 2 milyon 536,5 min ton, 2026-cı ildə 2 milyon 535,6 min ton dizel yanacağı istehsal ediləcək. Beləliklə, 2023-2026-cı illərdə ölkədə dizel yanacağı istehsalı 0,1% artacaq.
2023-cü ilin yanvar-avqust aylarında idxalın əsas həcmi Türkmənistanın ($19 milyon 563,34 min dəyərində 22 min 733,53 ton) payına düşüb. Litvadan 20 min 943,53 ton ($22 milyon 587,39 min dəyərində), Rusiyadan isə 14 min 947,21 ton benzin ($11 milyon 997,35 min dəyərində) idxal edilib.
Litvadan Azərbaycana AI-92 markalı benzinin idxalına cari ilin avqust ayında başlanılıb.
2022-ci ildə Azərbaycana 223 milyon 456,8 min dollar dəyərində 198 min 790,13 ton AI-92 markalı avtomobil benzini idxal edilib. 2021-ci ildə AI-92 markalı benzinin idxalı həyata keçirilməyib.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.
Təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
Bizi sosial şəbəkələrdən izləyin!!