"Muğan Bank"dakı əmanətlər nə zaman və necə ödəniləcək? | Banco.az

"Muğan Bank"dakı əmanətlər nə zaman və necə ödəniləcək?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə "Muğan Bank"ın lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib. Mərkəzi Bank qeyd edib ki, "Muğan Bank" tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edilib ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır. İndi isə Bankın müştərilərini əmanətlərin nə zaman və necə ödəniləcəyi sualı maraqlandırır. 

Banco.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov mövzu ilə bağlı şərhində bildirib ki, müflis elan olunmuş "Muğan Bank"da qorunan əmanətlərin həcmi 216,7 milyon manat təşkil edir:

"Bu, o deməkdir ki, həmin vəsaitlər məbləği 100 min manatadək olan və dividend faizi manatla 12, xarici valyuta ilə 2.5 faizədən çox olmayan əmanətlərdir. Qeyd edək ki, əmanətlər ilə yanaşı, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə 20 min manatadək vəsaiti və notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri tam məbləğdə qaytarılacaq".

İqtisadçının sözlərinə görə, kompensasiya almaq üçün əmanətçi Əmanətlərin Sığortalanması Fonduna yazılı ərizə müraciət etməlidir:

"Əmanətçinin şəxsiyyət vəsiqəsi ilə yanaşı əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə ərizə ilə birlikdə təqdim olunmalıdır. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni də təqdim etməlidir.

Əmanətlərin Sığortalanması Fondu vətəndaşın ərizəsini qəbul etdiyi gündən ən geci 90 gün ərzində vəsaitin ödənilməsini həyata keçirir. Müstəsna hallarda bu müddət daha 90 gününədək uzadıla bilər. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər dollar və ya avroda olmadıqda isə kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Yəni, əmanət rubl ilə yerləşdirilibsə, o zaman həmin vəsaitin manat ekvivalenti və daha sonra çarpaz olaraq dollar məzənnəsi nəzərə alınmaqla ödəniş həyata keçirilir". 

Ən sərfəli kredit üçün müraciət et

V. Bayramov son olaraq əlavə edib ki, bütövlükdə, "Muğan Bank"da sığortalanmış əmanəti olan hər bir şəxs öz vəsaitini tam olaraq geri ala biləcək: "Buna görə də, pulunuzu banklarda sığortalanmış əmanət kimi saxlamaq tövsiyyə olunur". 

Qeyd edək ki, "Muğan Bank"ın cari ilin III rübünə olan maliyyə göstəriciləri ilə linklərə keçid edərək tanış ola bilərsiniz: 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et