Müəllif: Tamara Mustafayeva, Banco.az
“ABŞ”ın elektromobil istehsalçısı “Tesla”nın mənfəəti III rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz azalıb.
Banco.az xəbər verir ki, “Tesla” cari ilin üçüncü rübü üzrə balans hesabatını açıqlayıb.
Buna görə, şirkətin gəliri ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 23,4 milyard dollara çatıb. “Tesla” 2022-ci ilin üçüncü rübündə 21,5 milyard dollar gəlir əldə etmişdi.
Elektromobil istehsalçısının xalis mənfəəti isə bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz azalaraq 1,9 milyard dollara düşüb. Sözügedən dövrdə “Tesla”nın xalis mənfəəti 3,3 milyard dollar idi.
Şirkətin 2022-ci ilin üçüncü rübündə 95 sent olan səhm üzrə mənfəəti də bu ilin eyni dövründə 53 sentə düşüb.
Qeyd edək ki, “Tesla” 2023-cü ilin üçüncü rübündə qlobal miqyasda 430 min 488 avtomobil istehsal edib, 435 min 59 avtomobilin tədarükünü həyata keçirib.
Bizi sosial şəbəkələrdən izləyin!!