Dünyanın ən bahalı şəhərlərindən biri sürətlə tərk edilir | Banco.az

Dünyanın ən bahalı şəhərlərindən biri sürətlə tərk edilir

Müəllif: Gülnar Əhmədli, Banco.az

Silikon Vadisinin yaxınlığında yerləşən San Fransisko son illərdə texnologiya sektorunun ümumi çiçəklənməsi səbəbilə böyük iqtisadi təkanla yüksəlməyə başladı. Bu səbəblə də yüksək maaşlı mütəxəssislər ora köçməyə başlamışdılar. Ancaq pandemiya və kütləvi onlayn işə keçid hər şeyi dəyişdi və indi şəhər sürətlə boşalır. Yüksək gəlirli insanlar artıq orada yaşamaq istəmirlər, adi gəliri olan insanlar isə xərcləri qarşılaya bilmirlər. Əhali azalır, ofislərə ehtiyac qalmır, müəssisələr bağlanır, problemlər böyüyür.

Bəs buna səbəb nədir? Niyə bir vaxtlar milyarderləri ən çox üz tutduğu şəhərlərdən biri olan San Fransisko indi sürətlə tərk edilir?

Banco.az xəbər verir ki, pandemiyadan əvvəlki 2019-cu ilin sonuna qədər şəhərdəki bahalı ofislərin demək olar ki, hamısı icarəyə verilmişdi. Lakin koronavirus pandemiyasının dünyada yayılması bütün texnologiya şirkətlərinin işçiləri onlayn işə keçməyə məcbur etdi. Pandemiyadan sonra isə işçilər ofislərinə qayıtmaq istəmədilər.

Onların işəgötürənləri də bu səbəblə ofislərin icarə haqqını verməməyə başladılar. Son üç il ərzində istifadə olunmayan obyekt göstəriciləri ardıcıl olaraq artır. Bu gün bütün binaların demək olar ki, üçdə biri - təxminən 32 faizi istifadəsiz qalıb. 2023-cü ilin ikinci rübündə “Uber”, “Airbnb”, “Pinterest” və şəhərin ən böyük özəl işəgötürən və proqram təminatçısı olan “Salesforce” ofislərini boşaltmağa başladılar.

Şəhərin əhalisinin sayı da azalmağa davam edir. Belə ki, 2020-ci ilin əvvəlindən bəri təxminən 250 min insan San Fransisko Körfəzi ətrafındakı aqlomerasiyanı tərk edib. Şəhərin özü isə 2020-ci ilin iyulundan 2021-ci ilin iyuluna qədər əhalisinin 6,3 faizini, təxminən 55 min nəfərini itirdi ki, bu da bir vaxtlar texnoloji bumun təmin etdiyi bütün artımı silməyə kifayət etdi.

Əhalinin azalmasının miqyası özlüyündə böyük görünməsə də, iqtisadi nəticələri kifayət qədər ciddidir. Daha çox ödəmə qabiliyyətli vətəndaşlar mənzillərin bahalığına görə deyil, öz rahatlığına görə şəhəri tərk edirlər. Bəzi hesablamalara görə, San Fransiskoda ev təsərrüfatlarının gəlirləri 2019-cu ildən 2021-ci ilə qədər təxminən 7 milyard dollar azalıb. Gedənlərin orta illik gəliri vergilər ödənilməzdən əvvəl təqribən 250.000 dollar qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün amillərə görə indi şəhər iqtisadiyyatında bir problem digərinə gətirib çıxarır, bu da birincini daha da ağırlaşdırır. Gəlirləri yüksək olan insanlar şəhəri tərk edərlərsə, gəlirlərini qazananlar da qazanclarını itirirlər. Bu isə effektiv tələbi daha da azaldır. Effektiv tələbin azalması da birbaşa sahibkarlara zərər verir. 

Eyni zamanda, vətəndaşların və şirkətlərin gəlirlərinin ümumi azalması səbəbilə şəhər büdcəsində pul çatışmır. Məsələn, ötən ilin sonunda şəhərdə satış vergisi hesabına əldə edilən məbləğ 140 milyon dollara yaxın olub ki, bu da inflyasiya nəzərə alınmaqla pandemiyadan əvvəlki səviyyədən 22 faiz aşağıdır.

Amma əsas problem mülk sahiblərinin gəlirlərinin azalmasıdır. Rəsmi hesablamalara görə, 2028-ci ilə qədər şəhər hər il bununla bağlı vergilərdən 200 milyon dollar itirəcək və bu tarixə qədər illik büdcə kəsiri təxminən 1,2 milyard dollar təşkil edəcək. Növbəti 2 maliyyə ili ərzində isə kəsirin təxminən 780 milyon dollar olacağı gözlənilir.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et