Unicapital-dan həftəlik analiz | Banco.az

Unicapital-dan həftəlik analiz

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:

 Daxili bazar

  • Ötən həftə AR Maliyyə Nazirliyinin 80 milyon AZN həcmində 1 illik istiqrazlarının  yerləşdirilməsi üzrə keçirilən hərracda tələb 247 milyon AZN-dən çox olmuş və hərrac 7.61% orta ölçülmüş və 7.99% kəsmə gəlirliliklə nəticələnmişdir. Sentyabr ayında keçirilən hərracda isə 1 illik istiqrazların orta ölçülmüş və kəsmə gəlirlilikləri, müvafiq olaraq, 6.26% və 7.20% idi.
  • Bu həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Ötən ay 3 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac 8.16% orta ölçülmüş və 8.38% kəsmə gəlirliliklə nəticələnmişdi.
  • AR Mərkəzi Bankının notları üzrə gəlirliliklər keçən həftə 3 aylıq notlar üzrə 8.13%-dən 8.11%-ə, 6 aylıq notlar üzrə 8.05%-dən 8.16%-ə, 9 aylıq notlar üzrə 8.46%-dən 8.36%-ə dəyişmişdir. 1 aylıq not hərracı isə hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından baş tutmamışdır.

Xarici bazar

  • Ötən həftə ABŞ-da əsas məşğulluq göstəricilərindən biri olan qeyri-kənd təsərrüfatı sahələrində iş yerlərinin sayındakı dəyişiklik məlumatı açıqlandı. Qeyd edilən iş yerlərinin sayı əhəmiyyətli dərəcədə artaraq sentyabr ayında 336k olmuşdur, gözləntilər 170k idi. İşsizlik dərəcəsi isə 3.8% olaraq açıqlanmışdır.
  • 12 oktyabr tarixində ABŞ-da sentyabr ayının istehlak qiymətləri indeksi açıqlanacaq. İnflyasiyanın azalaraq 3.7%-dən 3.6%-ə düşəcəyi gözlənilir.
  • Avrozonada işsizlik gözləntilərə də uyğun olaraq 6.4% açıqlandı.
  • Keçən həftə açıqlanan məlumata əsasən Türkiyədə inflyasiya sentyabr ayında artaraq 58.94%-dən 61.53%-ə yüksəlmişdir.
  • Bu həftə Rusiyada sentyabr ayının inflyasiya məlumatı açıqlanacaq. İnflyasiyanın artaraq 5.15%-dən 5.90%-ə yüksələcəyi proqnoz edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram