Cari ilin yanvar-avqust ayları ərzində 337.787 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 47,3% çoxdur. 2023-cü ilin 8 ayı üzrə göstəricinin 53.117-si (15,7%) ilkin, 284.670-si (84,3%) isə təkrar qeydiyyatın payına düşür.
Banco.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 35.111-i fərdi yaşayış və bağ evi, 63.705-i mənzil, 231.406-sı torpaq sahəsi, 2.106-sı qeyri-yaşayış binası, 4.910-u qeyri-yaşayış sahəsi, 477-si əmlak kompleksi, 72-si isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 66.775-i Bakının, qalanı isə bölgələrin payına düşür.
Bu ilin yanvar-avqust ayları ərzində 273.750 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,8% çoxdur. 2023-cü ilin 8 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,4% artaraq 54.074 təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!