“İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib | Banco.az

“İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində cari ilin birinci yarım ili üzrə monitorinq və qiymətləndirilməsinə dair “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə ümumi hesabatının “İnsan kapitalı və təhsil” İşçi qrupunda müzakirəsi keçirilib.

Elm və Təhsil Nazirliyində keçirilmiş iclasda İşçi qrupun sədri, elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və Strategiya barədə məlumat verib, bu istiqamətdə təsdiqlənmiş tədbirlər planlarının, o cümlədən “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi çərçivəsində işlərin vaxtında və effektiv şəkildə icrasının vacibliyini vurğulayıb. İdris İsayev Strategiyanın icrasının monitorinq və qiymətləndirilməsinin aparılması üçün ayrıca portalın istifadəyə verilməsinin və nəzarətin onlayn qaydada həyata keçirilə bilməsinin innovativ yenilik olduğunu bildirib.

Daha sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva hazırlanmış tərəqqi hesabatını təqdim edib.

İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Şəbnəm Məmmədli və İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Natiq Pənahlının da iştirak etdiyi iclasda məktəbəqədər təhsilin əhatəliliyinin genişləndirilməsi, pedaqoji və idarəetmə heyətinin peşəkar bacarıqlarının artırılması, keyfiyyətə nəzarət tədbirləri və digər məsələlərlə bağlı çıxışlar edilib, hesabat üzrə müzakirələr aparılıb.

“İnsan kapitalı və təhsil” işçi qrupunda Elm və Təhsil Nazirliyi və  İİTKM ilə yanaşı, Maliyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə Nazirlikləri, həmçinin Əqli Mülkiyyət Agentliyi, Dövlət İmtahan Mərkəzi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Dövlət Neft Fondu, Elm Fondu, Gənclər Fondu, AMEA və İnvestisiya Holdinqinin müvafiq şöbələrinin rəhbər şəxsləri təmsil olunurlar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Baş nazirin 12 iyun 2023-cü il tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram