V. Bayramov: "Son 2 ayda pul bazası 285 milyon manat kiçilib" | Banco.az

V. Bayramov: "Son 2 ayda pul bazası 285 milyon manat kiçilib"

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Azərbaycanda pul bazası son 2 ayda azalmaqda davam edib. Belə ki, bu il iyun ayının sonlarında ölkədə 18 milyard 401 milyon manat pul bazası qeydə alınsa da, bu göstərici 31 iyul tarixinə 18 milyard 262 milyon, avqustun son gününə isə 18 milyard 116 milyon manat olub. Bu o deməkdir ki, son 2 ayda pul bazası 285 milyon manat kiçilib. Bununla belə, son azalmalara baxmayaraq, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 3,8% artıb".

Banco.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

"Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul bazasının kiçilməsi inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlər ilə əlaqədar olduğu güman edilir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır". 

İqtisadçı qeyd edib ki, bununla belə, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil: "Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu baxımdan, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir".

Qeyd edək ki, ölkədə pul bazasının həcmi ilin əvvəlindən aşağıdakı kimi olub: 

Aylar

Pul bazası (mln. manatla)

31.01

16884.9

28.02

17248.7

31.03

17688.9

28.04

17609.9

31.05

17350.5

25.06

18401.7

31.07

18262.6

31.08

18116.9

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram