Müəllif: Tamara Mustafayeva, Banco.az
İyun ayında Avropada nəqliyyat vasitələrinin qeydiyyatı 19 faiz artıb.
Banco.az xəbər verir ki, ötən ay Avropada avtomobil satışları elektrik avtomobillərinə artan tələb və hissələrin tədarükündə müşahidə edilən yaxşılaşma sayəsində artıb və artım silsiləsini 11-ci aya çatdırıb.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarına görə, region ölkələrində yeni nəqliyyat vasitələrinin qeydiyyatı 19 faiz artaraq 1,27 milyon ədədə çatıb. Elektrik avtomobillərinin satışı 55 faiz artarkən, dizel avtomobillərin satışı isə 10 faiz azalıb.
Qeyd edilib ki, Avropanın ən böyük avtomobil bazarı olan Almaniyada alıcılar iyun ayında 52 min 988 elektrik avtomobili alıblar. Bu rəqəm əvvəlki ilin eyni dövrü ilə müqayisədə 64 faiz artımla yanaşı, Avropanın ən yüksək göstəricisi olaraq da qeydə alınıb.
Bütün yanacaq növləri daxil olmaqla, “Volkswagen AG” ötən illə müqayisədə 27 faiz artımla 325 min 612 ədəd tədarük həyata keçirib və regionda ən çox minik avtomobili satan şirkət olub.
Bizi sosial şəbəkələrdən izləyin!!