Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın maliyyə naziri Canet Yellen: Hindistan əvəzolunmaz tərəfdaşdır.
Banco.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen ölkəsinin Hindistanı “əvəzedilməz tərəfdaş” kimi gördüyünü bildirib.
Hind mətbuatının xəbərinə görə, ötən həftəki Çin səfərindən sonra yolunu Hindistana çevirən Yellen G20-nin Xəzinədarlıq-Maliyyə Nazirləri iclasında iştirak etmək üçün Qucarat əyalətinə gedib.
Görüşdən əvvəl mətbuata açıqlama verən Yellen tədarük zəncirinin sıx əlaqədə olduğu ölkələr vasitəsilə qurulması kimi təyin olunan "dost ölkələrdən tədarük" (friendly-shoring) siyasəti çərçivəsində Birləşmiş Ştatların Hindistanı “əvəzedilməz tərəfdaş” kimi gördüyünü dilə gətirib.
“Dost ölkələrdən tədarük” siyasətində özəl sektorun mühüm rol oynadığını bildirən Yellen, “Hindistanı ABŞ-a istehsal və ixrac həyata keçirən bir yer kimi görən” şirkətlərin investisiyalarının artdığına diqqət çəkib.
"ABŞ Hindistanın ən böyük ixrac bazarıdır və ötən il ikitərəfli ticarətimiz bu vaxta qədərki ən yüksək səviyyəsinə çatıb ki, biz onun daha da artmasını görmək istəyirik", - Yellen bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!