Azərbaycan BMT-nin Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Sorğusunda irəliləyib | Banco.az

Azərbaycan BMT-nin Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Sorğusunda irəliləyib

BMT-nin Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Sorğusuna əsasən, Azərbaycan mühüm irəliləyiş əldə edərək regionda lider mövqedə qərarlaşıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) sorğunun nəticəsinə əsasən təqdim edir ki, Azərbaycan Qazaxıstan (76,34%), Belarus (72,04%), Ukrayna (60,22%), Özbəkistan (84,95%), Moldova (62,37%), Ermənistan (75,27%) və digər dövlətləri qabaqlayaraq, region ölkələri arasında lider olub. Bundan əlavə, Azərbaycan bir sıra Avropa ölkələrini, o cümlədən Finlandiya (87,10%), Fransa (79,57%), İtaliya (84,95%), Latviya (75,27%), Litva (81,72%), Portuqaliya (84,95%) və Norveçi (84,95%) də üstələyib.

Azərbaycanın “şəffaflıq” və “kənd təsərrüfatı sektorunda ticarətin asanlaşdırılması” ilə bağlı gördüyü tədbirlərin 100 faiz həyata keçirilməsinə nail olması xüsusi əhəmiyyət kəsb edir. “Kağızsız ticarət” və “İnstitusional mexanizmlər və əməkdaşlıq” kateqoriyalarında da nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə olunub. Bu kateqoriyalar üzrə Azərbaycanın indeksi müvafiq olaraq 85,2%-dən 88,9%-ə və 77,8%-dən 88,9%-ə yüksəlib.

Azərbaycanın bu sorğudakı nəticələri ötən il dərc edilmiş “Azərbaycanın Transsərhəd Kağızsız Ticarətə Hazırlığının Qiymətləndirilməsi” adlı ölkə hesabatına da əsaslanır. Bu hesabat Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın (ESCAP) ekspertlərinin birbaşa nəzarəti altında Jana Krimpenin rəhbərlik etdiyi BMT-nin ESCAP (ESCAP-ın Şimali və Mərkəzi Asiya üzrə Subregional şöbəsi) məsləhətçilər qrupu tərəfindən hazırlanıb.

Hesabat dünyanın 160-dan çox ölkəsini və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Sazişi (TFA) ilə bağlı 60 tədbiri, eləcə də kağızsız və ya elektron ticarət sahəsində Asiya-Sakit Okean regionunda Transsərhəd Kağızsız Ticarət Prosedurlarının Asanlaşdırılması üzrə Çərçivə Sazişi kimi qabaqcıl regional və qlobal təşəbbüsləri əhatə edir.

            Qeyd edək ki, sorğu ilə bağlı məlumatların iştirakçı qurumlarla əlaqələndirilməsi və konsolidasiyası Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), eləcə də aidiyyəti dövlət qurumlarının və özəl sektorun dəstəyi ilə həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasında (ESCAP) Azərbaycan üzrə Milli əlaqələndiriciləri Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov və İİTKM-in icraçı direktoru Vüsal Qasımlıdır. Onlar milli səviyyədə koordinasiya, informasiya mübadiləsi və birgə planlaşdırmanı həyata keçirirlər.

ESCAP-ın Azərbaycan üzrə məsləhətçilər qrupunun rəhbəri Jana Krimpe dövlət və özəl qurumların birgə səyləri nəticəsində əldə edilmiş uğuru əhəmiyyətli hesab edir. O bildirir ki, Azərbaycan rəqəmsallaşma və effektiv idarəetmə metodları vasitəsilə ticarət prosedurlarının genişləndirilməsi və asanlaşdırılması kimi müasir çağırışlara sadiqliyini nümayiş etdirir: “Azərbaycanın qabaqcıl tərəqqisi dünya miqyasında davamlı və səmərəli ticarət təcrübələri üçün motivasiya mənbəyi rolunu oynayır və mən əminəm ki, hesabatda qeyd olunan tövsiyələri nəzərə alaraq, birlikdə növbəti Qlobal Sorğuda ən yüksək nəticələrə nail ola biləcəyik”.

Qeyd edək ki, aparılan islahatlar nəticəsində Azərbaycan son 8 ildə mühüm nailiyyətlər əldə edib. Belə ki, ölkənin ticarət prosedurlarının asanlaşdırılması üzrə ümumi balı 47,31%-dən 87,10%-ə yüksəlib ki, bu da əvvəlki ildəki 84,95%-lik göstərici ilə müqayisədə 2,15%-lik artım deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram