Müəllif: Tamara Mustafayeva, Banco.az
Yellen: “Biz Çinlə "sağlam iqtisadi rəqabət" axtarışındayıq.”
Banco.az xəbər verir ki, ikitərəfli əlaqələr və iqlim dəyişikliyi kimi bir çox mövzunun müzakirə olunduğu Çinə dörd günlük səfərinə başlayan ABŞ-ın maliyyə naziri Cenet Yellen səfəri ilə bağlı “Twitter” hesabından paylaşım edib.
Yellen Pekində Çin rəsmiləri və biznes liderləri ilə görüşməkdən məmnun olduğunu bildirib.
“Biz amerikalı işçilərə və firmalarına fayda verən və qlobal çağırışlarda əməkdaşlıq edəcəyimiz sağlam iqtisadi rəqabət axtarırıq”, - nazir qeyd edib.
Yellen lazım gəldikdə ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün addım atacaqlarını vurğulayaraq əlavə edib ki, bu səfər ünsiyyət qurmaq və anlaşılmazlıqdan yayınmaq imkanı verir.
Qeyd edək ki, Yellenin dörd günlük səfəri zamanı yüksək səviyyəli Çin rəsmiləri ilə müxtəlif ikitərəfli məsələləri müzakirə edəcəyi gözlənilir. Onun bu zaman iqlim dəyişikliyi, borc problemləri kimi qlobal problemləri də gündəmə gətirəcəyi bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!