İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində “Açıq qapı” günü təşkil edilib | Banco.az

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində “Açıq qapı” günü təşkil edilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) media və vətəndaş cəmiyyəti nümayəndələri üçün “Açıq qapı” günü keçirib. “Açıq qapı” gününün keçirilməsində məqsəd iştirakçıları qurumun “Vətəndaş müraciətləri və sənədlərlə iş” departamentinin fəaliyyəti ilə tanış etmək, vətəndaş müraciətlərinin qəbul prosesi və həlli istiqamətində görülən işlər barədə məlumatlandırmaq və ünvanlanan sualları cavablandırmaq olub.

Agentliyin Vətəndaş müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri İlham Hüseynov qonaqları salamlayaraq müraciət qaydası və prosesi barədə iştirakçılara məlumat verib: “Vətəndaşlar Agentliyə Çağrı mərkəzi (1542) ilə əlaqə saxlayaraq, ay ərzində təyin edilmiş xüsusi günlərdə qurumun canlı vətəndaş qəbulunda iştirak edərək, yazılı müraciəti birbaşa quruma təqdim edərək, Agentliyin rəsmi internet səhifəsi (its.gov.az/page”), [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciət edə bilirlər. Vətəndaşlarımızı əsas maraqlandıran mövzular icbari tibbi sığortanın tətbiqi, Xidmətlər Zərfi çərçivəsində həyata keçirilən müayinə və müalicə, cərrahi əməliyyatlar, işə qəbul və əmək münasibətləri ilə bağlı məsələlər, ambulator şəraitdə dərman preparatları ilə təminat, özəl tibb müəssisələrinə göndəriş əldə etməklə bağlıdır”.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın sözlərinə görə 2023-cü ilin 5 ayı ərzində Agentliyə ümumilikdə 5828 vətəndaş müraciəti daxil olub: “Müraciətlər əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, Şəki, Bərdə, Masallı və Cəlilabad rayonlarının sakinlərindən daxil olub. Daxil olan müraciətlərin 2716-sı müayinə və müalicə, 1710-u əlillik məsələləri, 725-i işə qəbul və əmək münasibətləri, 340-ı dərman vasitələri və tibbi sərflə təminat,   337-si isə digər məsələlər ilə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb”.

Qeyd edilən müddət ərzində 1399 vətəndaş Agentliyin İdarə Heyətinin sədri və müvafiq departamentlərin səlahiyyətli şəxsləri tərəfindən qəbul edilib. Müraciət edən vətəndaşlar arasında  əsasən Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, Xaçmaz, Beyləqan, Qəbələ rayon sakinlərinin müraciətləri çoxluq təşkil edib. Qəbul zamanı qaldırılan məsələlər, əsasən, müayinə-müalicə, dərman vasitələri, tibbi sərfiyyatla təminat, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərişlərin verilməsi ilə bağlı olub. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.

Ən sərfəli kredit üçün müraciət et

 Daha sonra Elektron Sənəd Dövriyyəsi (ESD) barədə təqdimat nümayiş olunub. Agentliyin Vətəndaş müraciətləri və sənədlərlə iş şöbəsinin əməkdaşı Leyla Həsənova bildirib ki, vətəndaş müraciətlərinə baxılma prosesinin asanlaşdırılması naminə mütəmadi işlər görülür. Bu tədbirlər vətəndaşların problemlərinin  operativ həllinə və məmnunluğunun artırılmasına istiqamətlənib:

“Agentlikdə ESD-nin təklif etdiyi imkanlardan istifadə olunur. Belə ki, vətəndaşların yönəltdiyi məsələlər tərəfimizdən araşdırılır və məsələlərin həlli prosesi zamanı səlahiyyət və xidmətlərinə ehtiyac yaranan digər aidiyyəti qurumlara bu proqram təminatı vasitəsilə sorğu göndərilir. Bu da öz növbəsində müraciətlərə baxılması işinin daha səmərəli, nəzarətin və hesabatlılığın isə daha effektiv olmasına gətirib çıxarır”.

“Açıq qapı” günü iştirakçıların sual-cavab sessiyası ilə yekunlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram