Müəllif - Aida İsaq, Banco.az
Qlobal iqtisadiyyatda müşahidə olunan durğunluq Rusiyanın avtomobil bazarına da təsirsiz ötüşməyib. Banco.az xəbər verir ki, bahalı modellərə alıcılıq qabiliyyəti azalıb. Bu barədə açıqlama verən Dünya İqtisadiyyatı və Beynəlxalq İqtisadi Münasibətlər kafedrasının dosenti Alexander Pasko bildirib ki, baş verən hadisələr fonunda avtomobillərin qiymətləri artır.
A.Pasko avtomobil bazarının bütün dünyada pandemiyadan əvvəlki satış səviyyəsinə çatmadığını qeyd edib.
“Yaxın iki il ərzində avtomobil satışlarının 2019-cu ilin səviyyəsinə çatması mümkünsüz görünür".
O, bunu Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlaması ilə mürəkkəbləşən tədarük zəncirlərinin pozulması ilə əlaqələndirib. Ekspertin fikrincə, bu, bütövlükdə dünyada bir çox istehsal müəssisələrinin dayanmasına səbəb olub.
Beynəlxalq avtomobil ticarətinin ümumiyyətlə zəiflədiyini qeyd edən ekspert bunun ən çox Rusiyaya təsiri olduğunu vurğulayıb.
"Bu, bir çox Avropa dövlətlərinin Rusiyaya ixrac etməkdən imtina etməsi səbəbindən baş verdi. Hazırda Çin bu çatışmazlıqları tədricən tamamlayır. Artıq Rusiya avtomobil idxalının 80 faizindən çoxu bu ölkənin payına düşür. Qismən tədarük üçüncü ölkələr vasitəsilə Rusiyaya ixrac hesabına təmin olunur. Lakin istənilən halda avtomobil bazarında çatışmazlıq problemi hələ də aradan qaldırılmayıb. Qiymətlər ümumilikdə bahalaşmağa doğru gedir".
Ekspertin sözlərinə görə həm işlənmiş həm də yeni avtomobillərin qiymətləri artmağa davam edəcək. O, yeni avtomobillərdə müşahidə olunan bahalaşmanı xammalın maya dəyərinin artması, çip və yarımkeçiricilərin çatışmazlığı ilə əlaqələndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!