Ziraat Bank Azərbaycan 2024-cü ilin ikinci rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Bank müsbət artım dinamikasını cari rüb ərzində də davam etdirərək müştərilərinin etimadını qazanmağa davam edib.
Yayımlanmış hesabatlara əsasən, Bankın cəmi aktivləri 2024-cü ilin ilk altı ayı ərzində 21,4% artaraq 773 mln. manata çatıb. Bankın balans kapitalı isə ilin əvvəlindən 7,8 % artaraq 126 mln. manatı keçib.
Ziraat Bank Azərbaycanın kredit portfeli üzrə də ciddi artım müşahidə edilir. Belə ki, Bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,1 % artaraq 425 mln. manata çatıb. Bankın prioritet istiqamətlərindən hesab edilən və kredit portfelinin mühüm hissəsini təşkil edən Biznes kreditləri üzrə artım isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% təşkil edib. Bankın müştəriləri tərəfindən inam və etibarın qazanmasının əsas göstəricilərindən biri olan depozit portfeli üzrə də ciddi artım müşahidə edilir. Belə ki, fiziki və hüquqi şəxslərin müddətli depozitləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% artaraq 289 mln. manatı keçib.
Bankın uğurları bununla da bitmir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Ziraat Bank Azərbaycanın əməliyyat gəliri 26,6% artaraq 12,9 mln manatı keçib. Yayımlanmış hesabatlara əsasən, bank 2024-cü ilin ilk altı ayı ərzində 8,1 mln. manat xalis mənfəət əldə edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 97% artım olduğunu göstərir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.