Ləğvetmə prosesində olan "Zaminbank" ASC ona məxsus "Caspian Money Transfer" beynəlxalq pul köçürmələri sisteminin fəaliyyətini dayandırmaq və yaxud başqa banka satmaq niyyətində deyil. Bu barədə "Report"a açıqlamasında Bankın İdarə Heyətinin sədr müavini Nigar Nağıyeva deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan qanunvericiliyi pulköçürmə sistemlərinin ayrıca şirkət kimi fəaliyyət göstərməsinə imkan vermir. Buna görə də "Zaminbank" "Caspian Money Transfer"i xarici ölkələrdən birində qeydiyyatdan keçirmək və bu yolla müştərilərinə xidmət göstərməyə davam etməyi planlaşdırır.
"Təəssüf ki, Azərbaycanda pulköçürmə sistemləri yalnız bankların daxilində fəaliyyət göstərə bilir. Halbuki, əksər ölkələrdə, o cümlədəmn MDB məkanında pulköçürmə xidməti bankdan kənardır. İki il əvvəl qanunvericiliyə dəyişikliklər təklif olunub ki, Azərbaycanda da bu məsələ bankdan ayrı olsun. Lakin hələ də bu sahədə bir dəyişiklik yoxdur. İstənilən halda Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciətlər edəcəyik ki, qanunvericiliyin dəyişdirilməsinə nail olunsun. Əgər bu baş verməsə, onda öz məhsulumuzun serverlərini başqa bir ölkəyə keçirib fəaliyyətimizi davam etdirəcəyik. Bu, hazır sistemdir, onu heç bir banka vermək istəmirik", - deyə "Zaminbank" rəsmisi qeyd edib.
Xatırladaq ki, "Caspian Money Transfer" 2005-ci ildə yaradılıb və Azərbaycanın ilk beynəlxalq pul köçürmələri sistemidir. Hazırda "Zaminbank"la yanaşı, "Kapital Bank" da 2007-ci ildən "Xəzri" beynəlxalq pul köçürmələri sisteminə malikdir.