Zamin olmağın başlıca təhlükələri | Banco.az

Zamin olmağın başlıca təhlükələri

Bir çox insanlar kredit götürməkdən qorxur, ona görə də bank binalarından mümkün qədər uzaq gəzirlər. Amma həyatda hər şey olur və müxtəlif situasiyalar ilə qarşılaşırıq. Məsələn, əgər özünüz kredit götürməsəniz də, sizdən yaxın bir tanışınız ona zamin durmağı xahiş edə bilər. Axı adam öz yaxın dostuna, rəfiqəsinə, doğma əmisi oğluna belə bir ricada necə imtina etsin? Xüsusən də, əgər həmin adamın həqiqətən çətin vəziyyətdə düşdüyünü görürsünüzsə.  Bu gün kreditlər arayış olmadan və zaminsiz demək olar ki, verilmir. Zaminli kreditlər borcalan üçün daha sərfəli faiz şərtləri, nəticə etibarı ilə daha az məsrəf deməkdir. Amma belə bir xeyirxahlıq zaminin özü üçün əks nəticələr verə bilər. Çünki borcalan borcu ödəyə bilməzsə bank borcu zamindən tələb edəcək.

Bu məqalədə sizə, zaminlik sisteminin necə işlədiyi və bu yola qədəm qoymağın nə qədər təhlükəli olduğu haqqında danışacağıq. Çünki heç bir bank öz pulları ilə elə belə ayrılmaq istəmir. Bütün dövrlərdə kreditorlar borcun geri qayıtmasına dair zəmanət istəyiblər, bu həmişə belə olub. Bank üçün başlıca zəmanət  - müştərinin ödəniş qabiliyyətidir. Ona görə də bu müştərinin  əsas vəzifəsi – krediti ödəyə biləcəyini sübut etməkdir. Bunun üçün iş yerindən arayış, mülkiyyəti ilə bağlı digər informasiya lazım olacaq. 

Bu yaxınlarda tanışlardan birinin başına gələn bir hadisəni sizinlə paylaşmaq istərdim:

Rayonlardan birində hərbi qulluqçu olan tanışım əməkhaqqısını banklardan birində alır, onun iş yoldaşları da həmçinin. İş yoldaşı həmin tanışımdan onun üçün aldığı kreditdə zamin olmağı xahiş edir. Əməkhaqqılarını eyni vaxtda, eyni yerdə aldıqları üçün və bir-birilərini tanıdıqları üçün tanışım razılaşır. (Qeyd: krediti məhz əməkhaqqılarını aldıqları bankdan götürürlər).

Daha sonra rayonda işləyən həmin şəxs təyinatını Bakıya dəyişdirir, filial  dəyişdiyi üçün ödənişlərin vaxtı barədə  məlumat da gecikir. (səhv etmirəmsə kredit məbləği bir-başa əməkhaqqıdan tutulmalı olduğu haqda məbləğ nədənsə çıxılmır, həmin şəxs məzuniyyətə çıxdığı üçün həmin ay daha az əməkhaqqı alır və elə bilir ki, məbləğin az olması kredit tutulması ilə bağlıdır. Beləliklə 2 ay gecikmə baş verir). Sonra isə bank həmin məbləği heç bir xəbərdarlıq etmədən, araşdırma aparmadan  bir başa zaminin əməkhaqqı kartından tutur.

Ən sərfəli kredit üçün müraciət et

Bu tip problemlər istər müştərilərin, istər də bank işçilərinin səhlənkarlığı üzündən hər bir kəsin başına gələ bilər. Bəzən məsələ heç də pulun zamindən tutulması ilə bağlı olmur. Amma faktiki olaraq, zaminlik müqaviləsi imzalandığı andan siz borcalan ilə birlikdə onun götürdüyü kreditə görə məsuliyyət daşıyırsınız və əgər həmin şəxs ödəniş qabiliyyətini itirərsə, başına bir iş gələrsə, həmin borcu siz ödəməli olacaqsınız.

Zamin olduğunuz şəxsə görə ödənişdən imtina etdikdə, sonra həmin bankdan özünüz üçün də kredit almaqda çətinlik çəkə bilərsiniz. Digər tanışım isə belə bir halla məişət texnikası satışı üzrə ixtisaslaşmış ticarət mərkəzində qarşılaşıb. Zamin durduğu şəxs öz borcunu vermədiyi üçün ticarət mərkəzi ona almaq istədiyi malı kreditlə verməkdən imtina edib. Baxmayaraq ki, həmin şəxsin özünün müsbət kredit tarixçəsi vardır.

Beləliklə xoşagəlməz zaminlik təcrübəsi həm sizin maddi durumunuza, həm də kredit tarixçənizə və müştəri imicinizə ciddi xələl gətirə bilər.

Xoşagəlməz vəziyyətlərə düşməmək üçün belə sadə bir qaydaya əməl etmək lazımdır: sizdə dürüstlüyü, səmimiliyi və vicdanlılığı azacıq şübhə doğuran bir insanın zamini qismində çıxış etməkdən imtina edin.

Belə ki, borclu əgər kredit borcunu geri qaytarmırsa, yəni öhdəliklərini icra etməzsə və ya lazımınca icra etməzsə, zamin olaraq siz eyni dərəcədə problemin həll olunmasında məsuliyyət daşıyırsınız. Faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və problemlər nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Ancaq təbii ki, bu zaminlik müqaviləsində olan şərtlərlə də öz əksini tapmalıdır Bu səbəblə müqavilə hazırlanarkən mütləq sürətdə hər bir bəndi oxuyun və əgər aydın olmayan bənd varsa bank əməkdaşından bunu sizə izah etməsini tələb edin.

İndi isə düşünün, insanlara etibar etməyin belə çətin olduğu bir zamanda kimsə zamin olmağa dəyərmi?

Konul Soltanova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et