Zamin Bank 2014-cü il III rüb üzrə göstəricilərini açıqlamışdır.
Banco.az saytı bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, bankın aktivlərinin həcmi 303 mln manat təşkil etmişdir ki, onun da 95%-i (288 mln manat) müştərilərə verilmiş kreditlər təşkil edir. Bununla yanaşı bir neçə il ərzində bankın məcmu kapitalı kəskin artaraq təxminən 59 mln manata bərabər olmuşdur. Bununla da Zamin Bank Mərkəzi Bank tərəfindən məcmu kapitala qarşı qoyulmuş tələbi yerinə yetirən banklardan olmuşdur. Məcmu kapitalın adekvatlıq əmsalı isə 18.87%-dir, Mərkəzi Bank tərəfindən minimal tələb 12% kimi təyin edilmişdir.
Bank iki il ərzində xalis mənfəətini (01.10.2012) 3 dəfə artıraraq 6,8 mln manat qazanc əldə etmişdir.
Vaxtı keçmiş kreditlərin məbləği 47.2 mln manat olmuşdur ki, bu da kredit portfelinin 16.4%-i təşkil edir. Bank tərəfindən ayrılmış ehtiyatlar isə adi (4,6 mln manat) və məqsədli (31,8 mln manat) olmaqla, kredit portfelinin uyğun olaraq, 1.75% və 12.04%-i təşkil edir.
Vaxtı keçmiş kreditləri (VKK) qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz olaraq təsnifləşdirmək olar. Qeyri-qənaətbəxş VKK-in ümumi həcmi – 9.5 mln manat (kredit portfelinin 3.31%-i), təhlükəli VKK-ın məbləği 3.4 mln manat (kredit portfelinin 1.17%-i), ümidsiz VKK-in məbləği isə 38.4 mln manata (kredit portfelinin 8.82%-i) bərabərdir.
Kredit portfelinin sektorlar üzrə bölgüsündə fiziki şəxslərə verilən ipoteka kreditləri (48,5 mln manat) və daşınmaz əmlakın tikintisi və əldə edilməsi üzrə kreditlər (96.8 mln manat), şəxsi və ailə məqsədləri üçün verilən kreditlər (68.6 mln manat), kənd təsərrüfatı sektoruna ayrılmış kreditlər (42.9 mln manat), ticarət və xidmət sektoru üzrə kreditlər (9.3 mln manat) üstünlük təşkil edir.
Zamin Bank tərəfindən cəlb edilmiş depozitlərin ümumi həcmi 66,9 mln manat olmuşdur ki, onlardan da 22.6 mln manat - fiziki və hüquqi şəxslərdən cəlb edilmiş tələbli depozitlər, 44.3 mln manat isə müddətli depozitlərdir.
Bankın ani likvidlik əmsalı 23.6% (normativ min.30%), leverec əmsalı isə 15.65% (normativ min.8%) təşkil edir.
Bankların maliyyə göstəriciləri haqqında daha ətraflı məlumatı Bankların əsas göstəriciləri bölməsindən əldə edə bilərsiniz.