Müəllif: Tamara Mustafayeva, Banco.az
Z nəsli medianı təkcə xəbər istehlakçıları kimi deyil, həm də istehsalçılar, redaktorlar və naşirlər kimi dəyişir.
Banco.az xəbər verir ki, ənənəvi jurnalistikanın rəqəmsal platformaların kölgəsində qaldığı düşünülür, lakin gənc nəsil bu təsəvvürü səssizcə dəyişməkdədir. Qəzetlər, onlayn nəşrlər və e-poçt bülletenləri artıq keçmişin bir parçası olmaqdan çıxaraq Z nəsli tərəfindən yaradıcı bir şəkildə yenidən şərh olunur.
Bu dəyişikliyin diqqətçəkən nümunələrindən biri Nyu-Yorkun Montauk qəsəbəsində yaranan The Ditch Weekly adlı qəzetdir. Bu yerli qəzet 13–17 yaş arası orta və lisey şagirdləri tərəfindən yaradılıb və yay tətili ərzində tamamilə gənclər tərəfindən hazırlanır. Həftəlik nəşr olunan qəzet yerli bizneslər, cinayət xəbərləri və populyar səhər yeməyi məkanları kimi mövzulara fokuslanır. Qəzet yayda bölgəyə gələn elit təbəqəni bilərəkdən nəzərə almır və yerli icmanın həqiqi gündəminə diqqət yetirir.
The Ditch Weekly yazıçılarından 14 yaşlı Daylan Sentalonza The New York Times-a verdiyi müsahibədə bu təcrübənin onlar üçün nə qədər mənalı olduğunu belə ifadə edir:
“Telefonla vaxt keçirmək bir müddət sonra darıxdırıcı olur. Bu isə zəhmət tələb edən bir işdir.”
Rəqəmsal nəsil xəbərləri fərqli mənbələrdən izləyir
Z nəslinə yönəlmiş məzmunlar təqdim edən The News Movement kimi platformalar da göstərir ki, gənclər ənənəvi jurnalistikaya alternativ yanaşmalar inkişaf etdirirlər. Onlar xəbərləri daha çox sosial media üzərindən izləyir və təqdim olunan məzmunun şəffaf, əlçatan və orijinal olmasını gözləyirlər.
Platformanın Baş Redaktoru Rebeka Hatson gənc oxucuların gözləntilərini belə izah edir:
“Z nəsli özləri ilə təbii dildə danışılmasını istəyir, xəbərlərin gündəlik həyatlarında bir qarşılıq tapmasını arzulayır. Onlar informasiyanın praktik şəkildə istifadə olunmasına şərait yaradan mənbələrə yönəldilmək istəyirlər. Mühakimə olunmaq, alçaldılmaq və ya aldadılmaq istəmirlər.”
Sosial mediada informasiya çirkliliyinin fərqindədirlər
Z nəsli üçün xəbərləri sosial mediada izləmək artıq danılmaz bir həqiqətdir. Sprout Social-ın 2024-cü il tarixli “Sosial Media Məzmun Strategiyası Hesabatı”na görə, gənclərin 63%-i TikTok-u, 62%-i Instagram-ı, 48%-i isə Facebook-u xəbər mənbəyi kimi istifadə edir. Lakin bu platformalarda yayılan informasiyanın doğruluğu ilə bağlı gənclər ehtiyatlı davranırlar. Onlar informasiya çirkliliyinin fərqindədirlər və bu səbəbdən, etibarlı, aydın və öz həyatları ilə əlaqəli xəbərlər axtarırlar.
Gənclər üçün xəbər əlçatan, mənalı və iştirakçı olmalıdır
Z nəslinin informasiya əldə etmə tərzi sürətli və praktik yollar üzərində qurulub. Eyni zamanda, təqdim olunan məzmunun onların dəyərləri ilə üst-üstə düşməsini gözləyirlər. Ənənəvi jurnalistikanın qayda və formatlarından kənara çıxaraq, onların dili ilə danışan, səmimi və etibarlı platformalar gənclər üçün daha cəlbedici olur.
Bugünün gəncləri sadəcə xəbər istehlakçısı deyillər; onlar həm də məzmun yaradıcısı, redaktor və nəşriyyatçı kimi də bu sahədə yer alırlar. The Ditch Weekly kimi təşəbbüslər bu nəsil nümayəndələrinin həm aktiv məzmun istehsalçısı, həm də ictimai məsələlərə qarşı həssas olduğunu göstərir.
Görünən odur ki, Z nəsli xəbərə yalnız çatmaqla kifayətlənmir, onu formalaşdırır və dəyişdirir.
Bizi sosial şəbəkələrdən izləyin!!