Yunanıstan “pis” və “daha pis” arasında seçim etdi, mümkün proqnozlar nə deyir?
Referendumda iştirak edən yunanların 59,7 faizi kreditorların tələblərinə "yox" deyib, Seçicilərin 40.3 faizi isə "bəli" deyə cavab verib.
Hazırda minlərlə insan Afinanın mərkəzində yerləşən Sintaqma meydanına toplaşaraq, əllərində Yunanıstan bayrağı ilə nəticələri bayram edirlər. Bu baərədə məlumatı Yunanıstanın “Avqi” nəşri yayıb.
Bəs sıravi yunanların bayram etdiyi nədir? Məsələ burasındadır ki, ekspertlər yunanların “pis” və “daha pis” arasında seçim etdiyini bildirilər. Lakin hər bir halda yunanlar seçimini edib. Bəs bundan sonra nə olacaq? “Yunan krizisi” hansı müstəvidə davam edəcək?
Bu suallara “Deutsche Bank” müşahidəçiləri cavab verməyə çalışıb. Belə ki, məhz bu bank digər Avropa maliyyə instutlarından fərqli olaraq krizisdən daha çox ziyan çəkə bilər. Baş verən hadisələr onları daha çox maraqlandırdığından “Deutsche Bank” analitikləri mümkün ssenarilərin “yol xəritəsini” cızıblar.
• №1 — Yüngül şərtlərlə anlaşma: Bu Avrozonaya üzv ölkələr tərəfindən ən qəbuledilməz ssenaridir. Məsələ burasındadır ki, Yunanıstanın daha yüngül şərtlər təklif etməsi çətin vəziyyətdə olan digər ölkələr üçün də nümunə ola bilər. Bu sırada birinci İspaniyadır. Yunanıstanın güzəştli şərtlərə nail olması bu ölkənin hazırki hakimiyyəti üçün “ölüm hökmü” ola bilər. Belə ki, hakimiyyət vəziyyətdən çıxmaq üçün “kəmər sıxma” iqtisadiyyatına keçid edib. Yunanıstanın belə “qalibiyyəti” mütləq ki, sıravi insanları ölkədə “SİRİZA” partiyasının analoqu olan “Pademos” partiyasına səs verməyə və İspaniyada hakimiyyət dəyişikliyinə gətirəcək. Və bu yalnız başlanğıc olacaq. Avrazonada bunun ardınca dalğavari şəkildə digər ölkələr də Yunanıstan “tərsliyi” siyasətindən istifadə edəcək ki, buna valyuta birliyi dözə bilməyəcək.
• №2 — Avrozonadan çıxmadan defoltun qəbul olunması: Bu ssenaridə Avrazona üçün az sərfəli olsa da, №1 ssenarisindən yaxşıdır. Bu təqdirdə Avropa Mərkəzi bankı ölkənin bank sistemini dəstəkləmək məcburiyyətində qalacaq ki, yunan banklarının yenidən kapitallaşdırılması ilə məşğul olacaq. Lakin bu təqdirdə yunan höküməti yalnız daxili imkanlardan istifadə edərək büdcənin “doldurulması” ilə məşğul ola bilər.
• №3 — Yeni anlaşma: Bu “Deutsche Bank” mütəxəssislərinə görə kreditorlar və avrozona üçün ən sərfəli çıxış yoludur. Belə ki, bu təqdirdə bank sisteminin çökməsi ilə artan siyasi və iqtisadi xərclər iqtidar partiyanı hakimiyyətdən çəkilməyə məcbur edəcək. Növbədənkənar parlament seçkilərindən sonra "Milli razılıq" partiyası qalib gəlir və o da öz növbəsində kreditorların tərəfini seçir və tərəflər yeni razılaşma əldə edirlər.
• №4 — Yunanıstanın avrozonadan çıxışı (Grexit): Bu az ehtimal olunası variant olmaqla bərabər avrozona ölkələri üçün ən sərfəsiz ssenaridir və yalnız SİRİZA partiyasının daha bir neçə ay hakimiyyəti saxladığı təqdirdə baş verə bilər. Bu ssenari çərçivəsində hadisələrin inkişafının iki variantı var: (а) Yunanıstan avrozonanı tərk edir yalnız Avropa Birliyi tərkibində qalır. (b) Yunanıstan həm avrodan həm də AB-dən imtina edir. Hər iki variant olduğu təqdirdə bu Avropa üçün güclü zərbə və bütün sahələri əhatə edən krizis deməkdir. Almaniya hökümət qüvvələri Grexit-in mümkün neqativ nəticələrinin qarşısını almaq üçün artıq 15 milyard avro ayırıb. Lakin tam əminliklə demək olar ki, bu vəsait çatmayacaq.
Razılaşmanın rəqiblərinin qalibiyyəti məlum olan kimi avronun kursu dollara nisbətdə 1,12 faiz aşağı endi. Bu fonda avro ilə dollar arasında paritet olacağı ehtimalı artır.
Lakin Yunanıstan hələ ki, bayram içindədir. Öz növbəsində Yunanıstanın baş naziri Aleklsis Tsipras referendum nəticələrinin açıqlanmasından sonra xalqa müraciət edib. ANS PRESS-in məlumatına görə, tarixi referendumda zəfər qazandıqlarını deyən Tsipras Yunanıstan tarixində yeni bir səhifə açıldığını, demokratiyanın şantaja boyun əymədiyini bildirib.
Yunanıstan baş naziri Aleksis Tsipras və Almaniya kansleri Angela Merkel əks olunan karikatura
“Bu gün Yunanıstanın tarixində yeni bir səhifə açmış olduq. Bu gün demokratiyanın şantaja baş əyməyəcəyini sübuta yetirdik. Yunan xalqı çox cəsarətli bir addım atdı. Xalq problemin həlli yolunu tapmağımızı istəyir. Mən də vaxt itirmədən bu iradəyə xidmət edəcəyəm”.
Tsipras həmçinin bu referendumun Yunanıstanın Avropada qalmaq və ya qalmamaq üçün keçirilmədiyini də bildirib:
“Yunan xalqı Avropada qalmaq və ya çıxmaq üçün səs vermədi. Bu sualı tamamilə ortadan götürmək lazımdır. Yunanıstan sabah bank sisteminin düzəldilməsi üçün masa ətrafında oturacaq. Problemin həlli o qədər də asan olmaya bilər. Amma tərəflər istəsə ədalətli bir yol tapıla bilər. müzakirələrə bir islahat planı ilə davam edəcəyik. Yunanıstanın borcu da artıq sövdələşmə masasında olacaq. Prezidentdən bazarertəsi günü (bu gün) bütün partiya liderləri ilə görüşməsini istəyəcəyəm.” – deyə Tsipras bildirib.
Aleksis Tsiprasın bu çıxışı partiyasının hakimiyyətdən əl çəkməyəcəyinə işarədir. Bunun nəticəsinin isə sadalanan 4-cü ssenaridə qeyd olunub.
anspress.com