Yumşaq pul siyasəti valyutanı artırır | Banco.az

Yumşaq pul siyasəti valyutanı artırır

Mərkəzi Bankın valyuta ehtiyatları $15 milyardı ötdü

Azərbaycanın strateji valyuta ehtiyatları isə $52 milyarda yaxınlaşır


Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmi iyunun 1-də 15 milyard dolları ötüb. AMB-nin açıqladığı məlumata əsasən, ehtiyatların həcmi iyunun 1-də 15 milyard 91 milyon 300 min dollara çatıb. 

   Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmində sürətli artım müşahidə edilir. Yalnız may ayında ehtiyatlar 220 milyon dollar (1,479 faiz) artıb. 2014-cü ilin ilk 5 ayı ərzində valyuta ehtiyatları 939,3 milyon dollar və ya 6,63%, son bir ildə isə 2,519 milyard dollar (20 faiz) böyüyüb. 

   Valyuta ehtiyatlarının həcmində kəskin artım son 3 ildə müşahidə edilir. 2011-ci ilin mayın sonunda AMB-nin ehtiyatları 6,898 milyard dollar idi. Həmin tarixə qədər ehtiyatların 2 dəfə artması üçün təxminən 4 il müddət lazım gəlib. Amma 2011-ci ildən sonra isə ehtiyatların iki dəfə artmasına cəmi 2,5 il kifayət etdi. 

   Müqayisə üçün bildirək ki, ötən ilin 5 ayı ərzində rəsmi valyuta ehtiytları 877,5 milyon manat və ya 7% artıb. 

   Mərkəzi Bankın valyuta ehtiyatlarının sürətlə artmasını son illərdə ölkədə yürüdülən yumşaq pul siyasəti ilə əlaqələndirmək olar. AMB-nin 2014-cü ilin birinci rübü ilə bağlı açıqladığı "Pul siyasəti icmalı"nda qeyd edildiyi kimi son 5 ildə bir çox xarici ölkənin mərkəzi bankı yumşaq pul siyasətini davam etdirir. Bunun nəticəsində mərkəzi bankların balansları böyük ölçüdə şişib. 

   Eynilə AMB də son illərdə yumşaq pul siyasəti yürüdür. Bununla bağlı olaraq deyə bilərik ki, yürüdülən yumşaq pul siyasəti AMB-nin də ehtiyatlarının artmasına xidmət edir. 

   Xarici ölkələrin mərkəzi bankları yumşaq pul siyasətindən hələ imtina etmək istəmir. Bunun əsas səbəbi qlobal iqtisadiyyatın güclü və dayanıqlı bərpa siqnalları verməməsidir. Bu vəziyyət yumşaq pul siyasətindən imtina ilə bağlı müzakirələrə qeyri-müəyyənlik və fikir ayrılıqları gətirir. Əgər makroiqtisadçılar, monetaristlər yumşaq pul siyasətinin iqtisadi aktivliyin bərpasının baş vermə vaxtına qədər davam etməli olduğunu dəstəkləyirlərsə, maliyyə bazarının bəzi iştirakçıları şişmiş balansların böyüklüyündən və əlavə monetar stimulların azalan təsirlərindən ehtiyatlanaraq yumşaq siyasətdən imtina vaxtının artıq çatdığını bildirir. 

   Mərkəzi Bankın ehtiyatlarının artması Azərbaycanın strateji valyuta ehtiyatlarının artmasına töhfə verir. Dövlət Neft Fondunun aktivlərini (36 milyard 618 milyon 400 min dollar) nəzərə alsaq, Azərbaycanın strateji ehtiyatları 51 milyard 709 milyon 700 min dollara yüksəlib. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: online.ekspress.az/