Dünən xəbər verdiyimiz kimi, Səfər Mehdiyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, gənc deputat Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin sədri, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Fuad Nağıyev Dövlət Turizm Agentliyinin sədri, Ceyhun Bayramov Təhsil naziri və Muxtar Bahadur oğlu Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib.
SƏFƏR MEHDİYEV
Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.Qeyd edək ki, S.Mehdiyev bu təyinatadək Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışırdı.
Gömrük xidməti general-leytenantı Səfər Mehdiyev 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kənd kolxozunda başlayıb.
Bir müddət sonra isə gömrük sistemində işə keçib.
1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb.
Tezliklə S.Mehdiyevin bu sistemdə vəzifə pilləsi daha da böyüyüb. O, 2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləyib.
2006-cı ilin fevral ayından Səfər Mehdiyevə daha yüksək etimad göstərilib və o, komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
VÜSAL HÜSEYNOV
Vüsal Əfqan oğlu Hüseynov 12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-1997-ci illərdə Bakı şəhərində Binəqədi rayonu 276 saylı orta məktəbdə təhsil alıb.
Vüsal Hüseynov 1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetininin (UNEC) iqtisadiyyat fakültəsinə daxil olub və 2001-ci ilin iyununda bakalavr dərəcəsi alıb. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavada, Academia İstropolitana Novada intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib.
2002-2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2003-cü ilin sentyabrında o, UNEC-də magistraturaya daxil olub və 2005-ci ilin iyununda beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi alıb.
2007-ci ildə Vüsal Hüseynov Birləşmiş Krallığın Edinburq və London şəhərlərində John Smith təqaüdçüsü kimi liderlik və idarəetmə üzrə 6 həftəlik John Smith programında iştirak edib. 2008-ci ildə o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2012-ci ildə bitirib. 2009-cu ildə Vüsal Hüseynov iki xüsusi təlimin iştirakçısı olub.
O, iyul ayında Türkiyədə, İstanbulda keçirilən Mərkəzi Avrasiya Liderlik Akademiyasının liderlik təlimində iştirak edib. İki ay sonra-Sentyabrda isə o, Passau Universitetininin korrupsiya iqtisadiyyatı üzrə ixtisaslaşmış yaxşı idarəçilik və islahat təlimində iştirak etmək üçün Almaniyaya gedib.
2010-cu ilin iyununda Vüsal Hüseynov Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul olub. O, təhsili müddətində Xaricdə təhsil üzrə Dövlət proqramı çərçivəsində təqaüd alıb. 2011-ci ilin mayında o, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib.
Vüsal Hüseynov 2005-ci ildə yeni yaradılmış Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibliyində məsləhətçi kimi işləməyə başlayıb. 2011-ci ildə ABŞ-da təhsilini davam etdirmək üçün işinə fasilə verib.
Vüsal Hüseynov 2011-2013-cü illər arasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi, daha sonra isə baş məsləhətçisi olub. 2013-cü ildə o, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasnın katibi təyin edilib. Bu illər ərzində o, Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində “Yaxşı idarəçilik və korrupsiyaya qarşı Mübarizə” layihəsində milli koordinator kimi çıxış etdi. 2015-ci ildə o, əmək fəaliyyətini Milli Məclisin deputatı kimi davam etdirməyə başlayıb.
Vüsal Hüseynov müəllimlik fəaliyyətinə 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) başlayıb. O, bu universitetdə beynəlxalq iqtisadiyyat və beynəlxalq iqtisadi təşkilatlar dərslərində mühazilər oxuyub. O, həmçinin, 2008-ci ildə Xəzər Universitetinin hüquq fakültəsində "iqtisadiyyata giriş" dərsindən mühazirələr oxumağa başlayıb.
2015-ci il 1 noyabr tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputat seçkilərində Vüsal Hüseynov 2015-2020-ci illər üçün Yeni Azərbaycan Partiyasının namizədi olaraq 91 saylı Ucar Seçki Dairəsindən deputat seçilib. O, Milli Məclisdə iki komitənin üzvüdür: 1. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi; 2. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi. Bundan əlavə, o, Azərbaycan-Çexiya, Azərbaycan-ABŞ, Azərbaycan-Gürcüstan və digər parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 14 aprel 2017-ci ildən Vüsal Hüseynov, həmçinin, yeni yaradılmış Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədridir.
Vüsal Hüseynov 20 aprel 2016-cı ildən-İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi yarandığı gündən etibarən Mərkəzin Müşahidə Şurasının üzvüdür.
Evlidir, iki övladı var.
FUAD MURADOV
Fuad Rauf oğlu Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb.
2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində Sənayedə ətraf mühitin qorunması ixtisası üzrə magistr dərəcəsi alıb.
1999-2001-ci illərdə “Ümidli Gələcək” Gənclər Təşkilatının təsisçisi və vitse-prezidenti olub. 2000-2004-cü illərdə Azərbaycan Ekoloji Layihələr Mərkəzinin baş ekoloqu, 2003-cü ildə “Təşəbbüs” Xeyriyyə İctimai Birliyinin təsisçisi kimi fəaliyyət göstərib.
2003-2004-cü illərdə Avropa Gənclər Forumunun maliyyə-nəzarət komissiyasının sədri olub, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi vəzifələrində çalışıb.
2004-cü ilin mayından Gənclərin Sosial İnkişafı və Səmərəli Məşğulluğun Təmin Edilməsi Koalisiyasının koordinatoru, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri işləyib.
2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.
2005-ci ildə Azərbaycan Respublikası III çağırış MM-in deputatı seçilib. İnsan hüquqları komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Malaziya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə İşçi Qruplarının üzvü olub.
2006-cı ildə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun üzvü olub. 2008-ci ildən etibarən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının BMT Korrupsiyaya qarşı Konvensiyası üzrə Qlobal İşçi Qrupunun üzvüdür. 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış MM-in deputatı seçilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi Qruplarının üzvüdür.
2011-ci ildən “Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın layihəsini hazırlayan İşçi Qrupunun üzvü olub.
2015-ci ildə üçüncü dəfə millət vəkili seçilib və MM-in Gənclər və idman komitəsinin sədridir.
Bitərəfdir. Evlidir, üç övladı var.
FUAD NAĞIYEV
Fuad Hümbət oğlu Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub. Fuad Nağıyev Bakı şəhərində 23 saylı orta məktəbdə təhsil alıb.1992-1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997-2000-ci illər ərzində AR Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.
2004-2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006-2009-cu illərdə “Paşa İnşaat” MMC-nin direktoru, 2007-2009-cu illərdə “Bakı Dəmir-Beton-8” ASC-də baş direktor vəzifələrində çalışıb.
2010-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsinə sahib olub. 2014-2017-ci illər ərzində “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb.
6 fevral 2017-ci il tarixindən bu günədək etibarən Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub.
Hüquq elmləri namizədidir.
Rus və ingilis dillərini bilir.
Evlidir, üç övladı var.
CEYHUN BAYRAMOV
Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Gədəbəy rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.
1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.
2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub. 2018ci il Aprelin 23-də prezident İlham Əliyevin sərəncamı ilə Təhsil Naziri təyin olunub.
MUXTAR BABAYEV
Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi 1984-cü ildə Bakı şəhərində bitirib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.
1986-1988-ci illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.
1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.
2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
Muxtar Babayev 2013-cü ildən “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.
Evlidir, 2 övladı var.
Fed.az