Yeni innovativ məhsulların tətbiqini düşünürük | Banco.az

Yeni innovativ məhsulların tətbiqini düşünürük

Unibank Fevralın 13-də korporativ müştərilər üzrə ixtisaslaşmış, sayca 4-cü biznes filialını açdı. Yeni açılmış filial yalnız korporativ, kiçik və orta sahibkarlardan ibarət seqmentə xitab edəcək. Açılış günündə, mərkəzin direktoru Məcid Məmmədovun təəssüratlarını öyrənməyə çalışdıq:

Filialımızda əsasən iri və orta müştərilərə, həmçininn kiçik bizneslərə də xidmət olunması nəzərdə tutulur.

Ötən il bankdaxili qiymətləndirmə nəticəsində belə bir qərara gəlinmişdir ki, fiziki şəxslərə xidmət olunması ilə hüquqi şəxslərə və biznes müştərilərinə xidmət olunması prosesi bir-birindən ayrılsın. Bu iki seqmentin hər birinin özünün xüsusiyyətləri, tələbləri vardır və fərdi yanaşma tələb edir. Ona görə də belə bir qənaətə gəldik ki, onları ayıraq. Bildiyiniz kimi, məhz biznes müştərilərinə xidmət göstərən filiallarımız sayı artıq üçdür, bu isə dördüncü filialın açılışıdır. Bu sahədə ixtisaslaşmış ən böyük filialımız olduğu üçün burada yeni innovativ məhsulların tətbiqini düşünürük. Filial isə “Unibank-Biznes Mərkəzi” adlandırılmışdır.

Filialın iş rejimi həftə içi beş gün, saat 9:00-da 18:00-a olacaq, həftəsonu istirahət günləridir. Filialımızda 45-ə yaxın əməkdaş çalışacaq.

Cari ildə yeni filialların açılışı ilə paralel olaraq, biznes kreditləri portfelinin nə qədər artırılması planlaşdırılıb?

2014-cü ildə kiçik və orta sahibkarlıq portfelinin həcmini götürsək, 64 milyon manat təşkil edib, 59 milyon manat korporativ müştərilər ilə olan portfelimizin həcmidir. Hal-hazırda korporativ müştərilər portfelinin böyüdülməsi hədəfi qarşımızda yoxdur. Kiçik və orta sahibkarlığa ayrılmış kreditlərin portfelini 2015-cü ildə daha 20% artırmağı planlaşdırırıq.

2014-cü ildə biz 43%-lik artıma nail olmuşduq, məqsəd qısa bir müddət ərzində portfeli iri bir həcmə çatdırmaq idi. Hal-hazırda planlarımız isə daha 20% artıma nail olmaqdır.

Qeyd etdiniz ki, “Biznes Mərkəzi”ndə yeni innovativ məhsulların tətbiqi gözlənilir, məhz hansı məhsuldan söhbət gedir və şərtlər müştərilərə nə qədər əlverişli olacaq?

Ən sərfəli kredit üçün müraciət et

Bazarda yeni olan faktorinq məhsulu üzərində işləyirik. Bankdaxili proseslər artıq tamamlanıb, hal-hazırda biz tətbiq mərhələsindəyik. Müştərilərimiz ilə görüşmələr və danışıqlar planlaşdırılır. Bazara yeni tətbiq olunması haqqında düşünürük . İlkin olaraq, bu məhsul Bankımızın “Biznes Mərkəzi” filialında təqdim olunacaq. Sınaqlardan keçdikdən və tam özünü doğrultduqdan sonra digər filiallarda tətbiqi gözlənilir.

Bazarda baş verənlər, neftin qiymətinin düşməsi və ya manatın məzənnəsindəki tərəddüdlər ilə bağlı olaraq, müştərilərinizin davranışında hər hansı bir dəyişikliklər hiss olunurmu? Bu böhran vəziyyəti Banka necə təsir edir?  

Bizim müştəri bazamızda neft sektoru ilə çalışan iri müştərilərin sayı çox az olduğu üçün biz qeyd etdiyiniz böhran durumunu hiss etmirik. Sözün düzü, yaxın perspektivdə də Bankın fəaliyyətində böyük stress vəziyyətlərinin olacağını gözləmirik. Amma böyük ehtimal ki, ötən illərdə müşahidə olunan çox böyük artım tempi bu il olmasın. Onu nəzərə alaraq da, bu ilin artım planı daha aşağı təyin olunub. Yenə də biz nəinki böhran, artım haqqında düşünürük. 20%-lik artımın özü də  kifayət qədər iddialı hədəfdir.  

Maraqlıdır, Siz bu vəzifəyə təyin olunana qədər də Unibank-da hansı vəzifədə çalışırdınız?

İndiyə qədər mən Baş idarədə “Biznes Müştərilərinə xidmət” şöbəsinin müdiri vəzifəsində çalışmışam və bu vaxta qədər Baş İdarədə xidmət olunan biznes müştərilərinin hesabları da “Biznes Mərkəzinə” köçürülüb və bundan sonra onlar burada xidmət olunacaq.

Bəs, Unibankda karyeranız necə başlayıb?

Unibankda mənim karyeram 2008-ci ildə başlayıb. Buna qədər əsasən neft şirkətlərində çalışmışam. 2008-ci ildə isə burada Korporativ müştərilərə xidmət departamentində mütəxəssis olaraq işə başlamışam.

Müsahibə üçün təşəkkürlər və yeni “Biznes Mərkəzi”ndəki fəaliyyətinizdə Sizə bol uğurlar arzu edirik.  

Ən sərfəli krediti almaq üçün müraciət et