Yeni il ruhunu ekranlaşdıran bir-birindən maraqlı filmlər | Banco.az

Yeni il ruhunu ekranlaşdıran bir-birindən maraqlı filmlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yeni ilə daxil olmağa hazırlaşdığımız bu günlərdə axtardığımız o bayram ab-havasına, yeni il ruhuna qovuşmağın bir yolu da məxsusi bayram filmlərinə tamaşa etməkdir.

Çünki yeni il coşğusu və həyəcanı hər il filmlərdə də özünü göstərir. Baxdığımız hər yerin parıltılı, sehirli və möcüzəvi göründüyü ilin bu dövründə yeni ilin nəbzini tutan fərqli janrlarda bir çox filmə rast gəlmək mümkündür.

Siz də bayram günlərini evdə oturub çay, kofe və ya isti şokaladınızı hazırlayıb filmlərə tamaşa etməyi üstün tutanlardansınızsa, ya da dostlarınızla birlikdə əyləncəli vaxt keçirmək üçün maraqlı yeni il filmi axtarırsınızsa, o halda məqaləmizi sona qədər oxuyun və bu möhtəşəm film tövsiyələri ilə yeni ili daha da rəngarəng etmək fürsətini qaçırmayın.

1. Best. Christmas. Ever!

Best. Christmas. Ever! - Netflix Movie - Where To Watch

Buraxılış ili: 2023

Ölkə: ABŞ

Hər il Milad bayramında Ceki rəfiqəsi Şarlottaya həyatından və ailəsindən bəhs edən, təvazökarlıqdan uzaq məktublar göndərir. Taleyin oyunu keçmiş rəfiqələrin yolunu yenidən kəsişdirəndə Şarlotta Cekinin həyatının həqiqət ola bilməyəcək qədər mükəmməl olduğunu sübut etmək üçün çalışacaq. Bəs əslində mükəmməl olan nədir? Bəlkə də Şarlottanın aşkara çıxaracağı həqiqətlər elə onun özünə nələrsə öyrətməli olacaq?

2. Christmas as Usual

Christmas As Usual Ending Explained, Release Date, Cast, Plot, Where to  Watch and More - News

Buraxılış ili: 2023

Ölkə: Norveç

Siyahının ikinci filmi sizi buz kimi soyuq Norveçin isti bayram adətləri ilə tanış edəcək. Tea sevgilisi Caşan ilə evlənməyə qərar verdikdən sonra bu hadisəni qeyd etmək üçün onunla birlikdə evlərinə qayıdanda Caşanın hind kökləri və qızın ailəsinin Norveç ənənələri Milad ərəfəsində xaotik bayram ab-havası yaradır. Bəs əsl sevgi həqiqətən müxtəlifliklərin öhdəsindən gəlməyə qadirdirmi?

3. The Claus Family 3

Watch The Claus Family 3 | Netflix Official Site

Buraxılış ili: 2023

Ölkə: Belçika

“Klaus Ailəsi” silsiləsinin digər iki filminə tamaşa edənlər xatırlayar ki, hadisələr Milad ruhuna inanmayan və bayramı qeyd etmək istəməyən Culsun ailəsinin Milad irsini kəşf etməsi ilə başlayır. Silsilənin 3-cü filmi isə bu dəfə Culsun bacısı Noranın qardaşı və babası arasındakı sirri öyrənməsindən bəhs edir.

Milad bayramına az qalmış hədiyyələrin çatdırılması ilə bağlı çətinliklə üzləşən Noel babanı və Milad bayramını xilas etmək üçün Culs və Nora birlikdə çalışmalıdırlar.

4. Holiday in the Vineyards

Holiday In The Vineyards' Netflix Review: Stream It Or Skip It?

Buraxılış ili: 2023

Ölkə: ABŞ

Kaliforniyanın şərab mədəniyyəti siyahının növbəti filminin əsas ilham mənbəyidir. Hadisələr uydurma Los-Santos qəsəbəsində cərəyan edir. Anasına məxsus şərab istehsalı şirkətində könülsüz işləyən Karter onun tapşırığı ilə gizli bir missiya üçün buraya yollanır. Qəsəbədə olarkən evində kirayə qaldığı Valentinaya aşiq olan cavan oğlan həqiqətlər üzə çıxanda hansı yolu izləyəcək? Həqiqət aşiqlərin yeni il sevgisinə kölgə sala bilərmi?

5. Spirited

Spirited - Apple TV+ Press (CA)

Buraxılış ili: 2022

Ölkə: ABŞ

Çarlz Dikkensin “Nəsrlə yazılmış Milad nəğməsi” (“A Christmas Carol”) povestinin motivləri əsasında çəkilmiş və hekayənin başqa bir versiyası olan bu filmdə komediya dedikdə ağlımıza gələn aktyorlar - Rayan Reynolds və Uill Ferrell baş rollarda çəkilib. Filmin digər bir fərqləndirici cəhəti isə onun müasir ahənglə həm komediya, həm də musiqili tamaşaya çevrilməsidir.

Ən sərfəli kredit üçün müraciət et

6. The Royal Nanny

The Royal Nanny (TV Movie 2022) - IMDb

Buraxılış ili: 2022

Ölkə: ABŞ

Milad ərəfəsi MI5 agenti olan Klerə çox fərqli tapşırıq verilir. O, kral ailəsində dayə işləməklə ailədəki uşaqları onları gözləyən təhlükədən qorumalı olacaq. Bəs Kler tapşırığın icrası zamanı əslində kimə etibar etməlidir?

7. Miracle on 34th Street

Watch Miracle on 34th Street | Disney+

Buraxılış ili: 1994

Ölkə: ABŞ

Balaca Suzan və anası bir vəkilin köməyi ilə Kris Krinql adlı yaşlı kişinin ruhi xəstəxanaya aparılmasının qarşısını almağa çalışırlar. Buna nail olmaq üçün isə onlar Krisin əsl Şaxta Baba olduğunu sübut etməlidirlər.

Qeyd edək ki, 1994-cü ildə ekranlaşdırılmış “34-cü Küçədə Möcüzə” filmi 1947-ci ildə çəkilmiş orijinal filmin teatrlaşdırılmış ilk remeykidir. Orijinal film kimi bu film də “20th Century Fox” tərəfindən hazırlanmışdır.

8. Little Women

Buraxılış ili: 2019

Ölkə: ABŞ

Böyüdükcə həyatın eniş-yoxuşlarından keçməli olan Mart bacıları bu yolda gələcəklərinə təsir edə biləcək mühüm qərarlar qəbul etməlidirlər. Xarakterləri, həyata baxış bucaqları, gələcək planları və arzuları bir-birindən fərqlənən bacılar hər nə olursa-olsun birlikdə mübarizə aparmağı və ailə olmağı bacaracaqlarmı?

Mükəmməl aktyor heyəti ilə klassik hekayənin həm güclü, həm də həssas şəkildə yenidən ekranlaşdırılmasını təmin edən Qreta Gerviqin “Kiçik Qadınlar”ı bəzi hekayələrin həqiqətən zamanın sınağından keçdiyini sübut edir.

9. Get Santa

Watch Get Santa | Prime Video

Buraxılış ili: 2014

Ölkə: Böyük Britaniya

İdarə etdiyi xizək ilə qəzaya uğrayan Şaxta baba bir ailənin qarajına sığınır. Balaca Tom atasının da köməyi ilə onu evinə qaytarmağa çalışır. Ancaq Şaxta babanın həbsi ilə işlər gözlənilməz şəkildə dəyişir.

10. Godmothered

Godmothered - Rotten Tomatoes

Buraxılış ili: 2020

Ölkə: ABŞ

Sadəlöv, bacarıqsız və hələ təlimlərdən keçən pəri xaç anası Elanor dünyanın artıq pəri xaç analarına ehtiyacının olmaya biləcəyini öyrənəndə hamının haqsız olduğunu sübut etməyə qərar verir. O, kömək istəyinə məhəl qoyulmayan gənc qızın izinə düşərək öz dəyərini sübut etmək üçün təkbaşına yola çıxır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et