Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Gürcüstanla Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq.
Bu barədə Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatında məlumat verilib. Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.
Yeni gömrük-keçid məntəqəsinin iqtisadi perspektivləri barədə Banco.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, məqsəd həm də Orta Dəhlizin elementlərinin gücləndirilməsidir:
“Tez-tez Gürcüstan Azərbaycan sərhədində çoxlu növbələr şikayətlər, narazılıqlar bildirilirdi. İki ölkə arasında ticari əlaqələr genişləndikcə, həm Gürcüstan üzərindən Türkiyəyə gedən vətəndaşlar, həm də bundan başqa son dövrlər yükdaşımaların artırılması, Bakı- Qars dəmiryol xəttinin işə verilməsi, Gürcüstan üzərindən yüklərin Türkiyədən Avropaya daşınması və yük axınının artması müşahidə edilirdi. Ölkənin qarşısında duran hədəflərdən biri Orta Dəhlizin gücləndirilməsidir.
Yeni gömrük-keçid məntəqəsinin inkişafı gələcəyə yönəlib. Bu həm də tranzit imkanlarının genişlənməsinə kömək edəcək”.
Qeyd edək ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında Orta Dəhlizin "yaşıl dəhliz"ə çevrilməli olduğunu bildirib.
Qeyd olunub ki, gələcəkdə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) "yaşıl dəhliz"ə çevrilərsə Asiyadan Avropaya və ya əks istiqamətdə gedən konteynerlərə vergi tətbiq edilməyəcək.Belə olan halda bir çox şirkət Orta Dəhlizi seçəcək".
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur.
Bizi sosial şəbəkələrdən izləyin!!