İqtisadçı alim, Vüqar Bayramov prezidentin yeni fərmanının sahibkarlığa gətirə bilıcəyi faydalardan danışıb.
Prezident İlham Əliyev "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərman imzalayıb. Sənəd həm vətəndaşlar, həm də sahibkarlar üçün yeni elektron xidmətlərin tətbiqini nəzərdə tutur. Son fərman “ASAN” xidmətinin fəaliyyətinin genişləndirilməsi baxımdan vacib olmaqla yanaşı, eyni zamanda xidmətlərdə zaman və proseduraların kəskin qısaldılmasına səbəb olacaq. Bəs, yeni fərman nələr vəd edir?
Sənəd sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini reallaşdıracaq. Belə ki, bu məqsədlə “Elektron lisenziya” portalı yaradılacaq. Bu portal "Elektron hökumət"in əsas komponentlərindən biri kimi çıxış edəcək. Bu isə o deməkdir ki, xüsusi razılıq tələb edən fəaliyyət ilə məşğul olmaq istəyən sahibkardan bundan sonra lisenziya almaq üçün nə uzun-uzadı növbəyə, nə də çoxlu sənəd toplamasına lazım gələcək. Sahibkarlar elektron portala müraciət etməklə qısa zamanda lisenziya, sertifikat və digər sənədləri əldə etmək imkanları qazanacaqlar. Portal sahibkarlara yalnız qısa müddətdə deyil, hətta cüzi xərclər ilə sənədləri əldə etmək imkanları verəcək.
Fərman eyni zamanda vətəndaşların da arayış almaq problemini həll edəcək. Artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə arayışları ala biləcək. Bunun üçün də çox qısa zaman tələb ediləcək. Elektron bazada bütün məlumatların yerləşdirilməsi imkan verəcək ki, çox qısa zamanda sistem vətəndaşın bütün məlumatlarını görüb, onun istədiyi arayışı çap edə bilsin.
Beləliklə, ASAN xidmətin səlahəyətləri genişləndirməkdə davam etməkdədir. Bu isə, təbii ki, vaxta və hətta pula qənaət edilməsi deməkdir.