Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Xəbər verdiyimiz kimi, Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə yeni tariflər müəyyənləşdirilib.
Qiyməti dəyişən xidmətlərdən biri də elektrik doldurma məntəqələrinə verilən elektrik enerjisi ilə bağlıdır. Belə ki, bu məntəqələrə verilən 1 kilovatt-saat elektrik enerjisinin tarifi 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpiyə yüksəldilib. Bununla yanaşı, elektrik doldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst şəkildə müəyyənləşdiriləcək.
Bu artım elektriklə çalışan avtomobillərin qiymətinə təsir edə bilərmi?
Məsələ ilə bağlı banco.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli bildirib ki, ölkədə elektrik və hibrid avtomobilləri üçün ilkin ödəniş 10-20 faiz nisbətində müəyyən edilib.
"İdxal olunan avtomobillərin qiymətində kəskin ucuzlaşma müşahidə edilmir. Əsas dəyişiklik avtomobil seqmentindədir. Əvvəllər ölkəyə daha yüksək dəyərə malik avtomobillər gətirilirdisə, hazırda həmin seqmentin daha ucuz modelləri idxal edilir. Məsələn, əvvəllər elektromobilin ölkəyə gətirilməsi 30 000 dollara başa gəlirdisə, indi bu rəqəm 25 000 dollar civarındadır.
Hazırda elektrik avtomobilləri 10%, hibrid avtomobillər isə 20% ilkin ödənişlə təklif olunur. Əgər bu şərt daxili yanma mühərriki ilə işləyən ənənəvi avtomobillərə də tətbiq olunsa,vətəndaşlar köhnə avtomobillər almaq əvəzinə yenilərinə üstünlük verə bilərlər. Bildiyiniz kimi, Mərkəzi Bankın banklara verdiyi səlahiyyətə əsasən, avtomobillər 50% ilkin ödənişlə təklif edilir. İlkin ödəniş 15-20%-ə qədər azaldılsa, yeni avtomobillərin satışı sürətlənər və ölkənin köhnə avtomobil parkı daha tez yenilənər”.
E. Cəfərlinin fikrincə, Bakı da daxil olmaqla, ölkənin bütün regionlarında əsasən köhnə avtomobillərdən istifadə olunur:
"2015-ci ildə manatın devalvasiyasından sonra avtomobil qiymətləri kəskin şəkildə artdı. Bu da vətəndaşların yeni avtomobil almasını çətinləşdirdi. Nəticədə, insanlar köhnə avtomobillərə üstünlük verməyə məcbur oldular və ölkədə avtomobil parkı sürətlə köhnəldi. Əgər devalvasiya baş verməsəydi, avtomobil parkı tədricən yenilənməyə davam edəcəkdi", – deyə o bildirib.