Yay əhval-ruhiyyəli 10 əyləncəli film | Banco.az

Yay əhval-ruhiyyəli 10 əyləncəli film

Tamara Mustafayeva, Banco.az

Film izləməyi sevənlər çox yaxşı bilər ki, adətən məxsusi olaraq qış aylarına hərs olunmuş filmlər nağıllar diyarı, yay filmləri isə bir-birindən maraqlı, rəngarəng sərgüzəştlər zamanı kimi təsvir edilir. Yay əhval-ruhiyyəli filmlərdə qəhrəmanlarımız ecazkar təbiəti, füsunkar mənzərələri ilə məşhur şəhərlərdə həyatın bu anından bir fragmentlə qarşımıza çıxırlar.

Yay fəslinin sonuncu ayına doğru addımladığımız bu günlərdə istər dostlarınızla, istərsə də tək başına oturub izləyərərək doyunca gülüb əylənəcəyiniz və əgər hələ də gedib görməmisinizsə, mütləq səfər etmək istəyəcəyiniz yerlərə virtual səfərə hazırsınızmı? Elə isə bugünkü məqalədə sizi yay sərgüzəştləri ilə dolu filmlərin TOP-10-luğu ilə tanış edək.

1. A good year

Buraxılış ili: 27 oktyabr, 2006

Ölkə: İngiltərə, ABŞ

Janr: Romantik dram

Siyahının ilk filmi sizi Fransanın ecazkar mənzərəli əyalətlərindən birinə aparacaq, elə mənzərələr ki, Fransanı qarış-qarış gəzmək, bu yerlərdə ən azı bir neçə gün keçirmək istəyəcəksiniz. Oskar mükafatı laureatı olan tanınmış aktyor Rassel Krounun baş rolu ifa etdiyi bu film yazıçısı Piter Meylin 2004-cü ildə nəşr olunmuş eyniadlı romanının motivləri əsasında ekranlaşdırılmışdır.

Londonda yaşayan və nüfuzlu investisiya banklarından birində işləyən Maks Skinner bir gün əmisi Henrinin vəfat xəbərini və Fransadakı malikanəsi ilə üzüm bağlarını ona miras qoyduğunu öyrənir. Ömrü boyunca karyera yönümlü həyat sürən və ambisiyalarının əsiri olan Maks Fransaya səfər edib bu mülkləri satmağa qərar verir. Qəhrəmanımızın Fransa sərgüzəştləri bu füsunkar mənzərəli ölkəni sizə daha da sevdirəcək.

2. Mamma Mia!

Buraxılış ili: 30 iyun, 2008

Ölkə: İngiltərə, ABŞ, Almaniya

Janr: Romantik komediya, musiqili film

İkinci destinasiyamız Yunanistanın rəngarəng adalarıdır.

Sofi sevdiyi insanla evlənməyə hazırlaşan gənc bir qızdır. Yeganə arzusu isə dogma atasının onu toy günü mehraba doğru müşayiət etməsidir, ancaq bir problem var ki, gənc qız atasının kim olduğunu bilmir. Anası və dostlarının onun üçün toy hazırlığı gördüyü bir vaxtda Sofinin atdığı cəsarətli addım bir anda üç yad adamın həyatlarına daxil olmasına səbəb olur. Görəsən Sofi öz arzusuna çatacaqmı?

Çəkilişləri Londonda və Yunanistanda aparılan film İsveçin məşhur "ABBA" qrupunun mahnıları əsasında çəkilmiş eyniadlı müziklin ekranlaşdırılmış variantıdır.

3. Under the Tuscan Sun

Buraxılış ili: 20 sentyabr, 2003

Ölkə: ABŞ

Janr: Romantik komediya

Siyahının üçüncü filmi sizə mənzərəli İtaliya səfəri vəd edir. Film Amerikalı yazıçı Fransis Meyersin 1996-cı ildə qələmə aldığı eyniadlı memuardan ilhamlanmışdır.

35 yaşlı San-Fransiskolu yazıçı Fransis Meyers həyat yoldaşından boşandıqdan sonra depressiyaya düşür və yaradıcılıq fəaliyyətini davam etdirə bilmir. Daha sonra o, İtaliyaya köçməyə qərar verir və paytaxtı Florensiya olan Toskana regionunda yaşamağa başlayır.

4. Ibiza

Buraxılış ili: 25 may, 2018

Ölkə: ABŞ

Janr: Romantik komediya

Heç mümkündürmü ki, yay tətilləri ilə bağlı mövzu açılsın, ancaq İspaniyadan bəhs edilməsin. Odur ki, bu dəfə də sizi qəhrəmanlarımızın İspaniya sərgüzəştləri gözləyir.  

Nyu-Yorkda yaşayan 30 yaşlı Harper İspaniyanın Barselona şəhərinə işgüzar səfərə gedir və yolu buranın tanınmış DJ-lərindən biri ilə kəsişir.

5. Instant Family

Buraxılış ili: 16 noyabr, 2018

Ölkə: ABŞ

Janr: Komediya, dram

Amerika təkcə yay aylarında deyil, ilin istənilən vaxtı bir çoxumuzun “mütləq səfər edilməli” yerlər siyahısına daxil olur. Elə isə Amerikalı bir ailənin macəraları ilə əyləncəli dəqiqələrə hazır olun.

Evləndikləri gündən bəri övlad sahibi olmağı əsla düşünməyən cütlük illər sonra bu qərarlarını yenidən nəzərdən keçirir və “himayədar ailə” sistemi ilə övladlığa uşaq götürməyə qərar verirlər. Hər şey ilkin mərhələdə olduqca möhtəşəm və planlaşdırıldığı kimi gedir, ta ki, övladlığa götürülən 3 bacı-qardaş evə ayaq basanadək. Bəzən gülməli, bəzən təsirləndirici, əksərən də ruhlandırıcı sərgüzəştlərin fonunda cütlüyümüz təmənnasız sevməyi və ən çətin şəraitlərdə belə valideyn olmağı öyrənməlidir.

Ən sərfəli kredit üçün müraciət et

6. Letters to Juliet

Buraxılış ili: 14 may, 2010

Ölkə: ABŞ

Janr: Romantik komediya, dram

İtaliya adətən sevginin, incəsənətin və gözəlliyin simvolu kimi yaddaşlarda qalır, bəs nakam məhəbbət necə? Qəhrəmanımız Sofinin də yolu bu ecazkar ölkənin sirri açılmamış sevgi hekayələri ilə kəsişir. “Cülyettaya Məktublar” cəmiyyəti ilə tanış olan Sofi Kleyr adlı yaşlı bir qadının cavanlıq sevgisinə qovuşması üçün onunla birlikdə möcüzəli sərgüzəştə atılmağa qərar verir. Bəs görəsən həyat həmişə hər kəs üçün gözlənilməz sürprizlərlə doludurmu?

Ekran işi Lise Friedman və Ceil Friedman tərəfindən 2006-cı ildə qələmə alınmış “Letters to Juliet” adlı kitabın motivləri əsasında ərsəyə gəlmişdir.

7. Mr. Beans Holiday

Buraxılış ili: 24 may, 2007

Ölkə: İngiltərə

Janr: Komediya, macəra

Əvvəlki sərgüzəştərindən yaxşı tanıdığımız Mister Bin günlərin bir günü Fransaya səyahət qazanır və bu ölkəyə getmək üçün yola düzəlir. Səfər əsnasında qeyri-ixtiyari olaraq ata ilə oğulun ayrı düşməsinə səbəb olan qəhrəmanımız onları yenidən görüşdürmək üçün əlindən gələni edəcək. Doyunca gülməyə və Fransanı qarış-qarış gəzməyə hazır olun.

Ölkəmizdə  “Mister Bin səyahətdə” adı ilə dublyaj edilib yayımlanan bu film komediya janrında çəkilmiş ən yaxşı ingilis filmlərindən biridir.

8. The Art of Racing in the Rain

Buraxılış ili: 8 avqust, 2019

Ölkə: ABŞ

Janr: Komediya, dram

Enzo adlı ov iti sahibi Formula 1 sürücüsünün yarış treklərində istifadə etdiyi manevrlərin həmçinin həyat yollarında da faydalı olduğunu kəşf edir. Filmin mövzusu Garth Stein-in müəllifi olduğu eyniadlı romandan götürülmüşdür.

9. Love Wedding Repeat

Buraxılış ili: 10 aprel, 2020

Ölkə: İngiltərə, İtaliya

Janr: Romantik komediya

Yenə İtaliya, yenə biz...

Yəqin ki, hadisələr istədiyimiz kimi getməyəndə bir çoxumuz eyni günü yenidən yaşamaq şansına sahib olmaq istəmişik. Siyahının növbəti filmində də qəhrəmanımız Cek yeganə bacısının həyatının mühüm hadisəsi olan toy gününü ən möhtəşəm formada təşkil etmək üçün əlindən gələni edir, ancaq ardıcıl baş verən xoşagəlməzliklər eyni toyun müxtəlif versiyalarını və fərqli nəticələrini tamaşaçılara göstərir. Bəs hadisələri yoluna qoymaq üçün həqiqətən ikinci şansa ehtiyacımız varmı?

10. Roman Holiday

Buraxılış ili: 20 avqust, 1953

Ölkə: ABŞ

Janr: Romantik komediya

Siyahının sonuncu filmi yəqin ki, bir çoxunuzun dəfələrlə izlədiyi, yay sərgüzəştləri dedikdə ilk ağla gələn klassik filmlərdən biri, tanınmış ingilis aktrisası Odri Hepbernə ən yaxşı aktrisa nominasiyasında "Oskar", “BAFTA”, "Qızıl qlobus" kimi mükafatları qazandıran, dilimizə də “Roma Tətilləri” kimi tərcümə olunmuş “Roman Holiday” filmidir.

Təhlükəsizliyinin təmin edilməsi naminə “qızıl qəfəs”də saxlanılan şahzadə Anna günlərin bir günü mühafizəçiləri aldararaq səfirliyin binasından qaçır və gəzə-gəzə Roma şəhərinin mərkəzinə gəlib çıxır. Azad və qeyri-rəsmi həyat arzusunda olan Annanın yolu burada Amerikalı müxbir Co Bredli ilə kəsişir.

Qeyd edək ki, filmin iki rimeyki mövcuddur. Birinci film 1981-ci ildə Adriano Çelentano və Ornella Mutinin iştirakı ilə İtaliyada çəkilən “Dəlicəsinə aşiqlər” olmuşdur. "Krallar hər şeyi bacarırlar" adlanan ikinci film isə 2008-ci ildə Rusiyada çəkilmişdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et