Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Turizm sektoru, dünyanın dörd bir yanından milyonlarla insanı cəlb edən dinamik bir sahədir. Yay fəslinin turizm üçün ən aktiv dövr olduğu məlum olsa da insanlar istirahətlərini bu dövrə planlaşdırırlar.
Banco.az xəbər verir ki, bu barədə açıqlama verən turizm üzrə ekspert Ceyhun Aşurov müasir səyahət tendensiyalarına diqqət çəkərək, bəzi turistlərin digər mövsümlərdə də səyahət etməyi sevdiklərini bildirib:
“Digər fəsillərdə bölgələrdə turist sıxlığı az olur, bu da daha rahat istirahət etməyə şərait yaradır. Yaz, payız və qış mövsümlərində isə daha əlverişli qiymətlər təklif olunur. Xüsusilə yay mövsümündən əvvəl və sonra səyahət edən turistlər var ki, onlar həm sağlamlıq, həm də istirahət məqsədilə bölgələrə üz tuturlar.”
Azərbaycana payız və qış aylarında gələn turistlərin statistikası da diqqət çəkir. 2023-cü ilin payızında, ölkəyə 200,000-dən çox turist gəlib, bu da 2022-ci ilə nisbətən 15% artım deməkdir. Payız aylarında turistlərin 30%-i Avropadan, 25%-i isə MDB ölkələrindən gəlmişdir. Qış dövründə isə, xüsusilə Quba, Qusar və Şahdağ kimi dağlıq bölgələr, xizək turizmi ilə məşğuldur. 2022-2023 qış mövsümündə Azərbaycana gələn turistlərin sayı 150,000-dən çox olub.
Ekspert payız mövsümünün turizm sahəsinə təsirini də vurğulayır: “Payızda bölgələrə səyahət edənlər daha sakit mühit və əlverişli qiymətlər axtarırlar. Yaşlı insanlar bu mövsümdə daha çox səyahət edirlər. Həmçinin, boş vaxtı olan və ya məzuniyyətini məhz bu vaxtda keçirən insanlar da istirahət etməyə üstünlük verirlər.”
Qeyd edək ki, Azərbaycanın payızda ən çox istirahət edilən bölgələri arasında Quba, Qusar, Şəki, Lahıc, Gəncə, Zaqatala və Göygölün adı var.