Yaşıl enerjidən istifadə özəl sektorun inkişafına da təkan verəcək – AÇIQLAMA | Banco.az

Yaşıl enerjidən istifadə özəl sektorun inkişafına da təkan verəcək – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

COP29-un Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatı üçün bir sıra müsbət təsirlərlə yadda qaldı.

Analitiklər düşünür ki, bu tədbir ilk növbədə turizm sektorunu canlandırmaqla bərabər və yerli müəssisələrə, eləcə də xidmət sektoruna əlavə gəlir gətirir.

 Bununla yanaşı, tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradır, yaşıl iqtisadiyyatın inkişafına güclü təkan verir. Konfrans həm də yeni iş yerlərinin yaradılmasına səbəb olaraq məşğulluğu artırır.

COP29-a ev sahibliyi etmək Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırır və ölkənin qlobal iqlim dəyişiklikləri müzakirələrində lider mövqeyə çıxmasına kömək edir. Bütün bu faktorlar Azərbaycanın iqtisadi inkişafı və dayanıqlı gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.

Mövzunu davam etdirən iqtisadçı Pərviz Heydərov Banco.az-a bildirib ki,  COP29-un ölkəmizin iqtisadiyyatı üçün dividentləri çoxşaxəlidir:

Ən sərfəli kredit üçün müraciət et

“Azərbaycan bu tədbirə ev sahibliyi etməklə bərabər, öz imkanlarını da ortaya qoyaraq yaxın gələcəkdə nail olacağı və olmaq istədiyi hədəfləri də açıqladı. Ölkəmiz təbii enerji resursları ölkəsidir, lakin hədəfimiz alternativ enerji mənbələri üzrə sahib olduğumuz resurslarımızdan da istifadə etməkdən ibarətdir. Və bu sahədə artıq, bir sıra əhəmiyyətli addımlar da atmışıq. Ölkədə yaşıl enerjidən istifadə xeyli dərəcədə artıb  və bu tendensiya getdikcə genişlənəcəkdir”.

Hazırda Azərbaycanın hədəflərindən birinin  daha çox yaşıl enerjinin ixracı ilə bağlı olduğunu xatırladan iqtisadçı hesab edir ki, Qara dənizin dibi ilə çəkiləcək enerji kabeli  perspektiv baxımdan şans yaradacaqdır:

“Ölkəmizdə yaşıl enerjidən istifadənin faydaları və səmərəliliyi əyani göründükcə və yüksəldikcə özəl sektorun və sahibkarların da bu proseslərə inteqrasiyası durmadan genişlənəcəkdir. Və biz, hətta orta və kiçik sahibkarlıq strukturlarının da yaşıl enerji istehsalı və istehlakında fəal iştiraklarının şahidi olacağıq”,- deyə Pərviz Heydərov qeyd edib.