Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycana “ACWA Power” şirkəti tərəfindən yeni nəsil külək turbinlərinin ilk komponentləri gətirilib.
Banco.az xəbər verir ki, Bakı Gəmiqayırma Zavoduna çatdırılan bu turbinlərdən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasına quraşdırılması üçün daşınıb tədarük olunacaq.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası"nda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması nəzərdə tutulur.
2023-cü ilin oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətilə tikilən "Qaradağ" Günəş-Elektrik Stansiyasının istismara daxil oldu.
Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyası "Qaradağ"da hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. Stansiyanın 550 hektar ərazisində 570 min günəş paneli quraşdırılıb.
Qarşıdakı illərdə Azərbaycan 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırır.
Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında ölkədə elektrik enerjisinin istehsalı 0,33 faiz azalaraq 16 milyard 269 milyon kilovat-saat olub. Yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1327,7 milyon kilovat-saat) nisbətən 1 milyard 77,6 milyon kilovat-saat və ya 1,8 dəfə artaraq 2 milyard 405,3 milyon kilovat-saat təşkil edib.