Müəllif: Tamara Mustafayeva, Banco.az
Yəqin hamı həmfikir olar ki, pul yığmaq asan iş deyil. Hətta olduqca çətindir. Nə qədər çalışsaq da, bəzən ayın sonunda pul kisəsinin boş olduğunu görürük. Əgər siz də eyni problemlə tez-tez üzləşirsinizsə, bugünkü məqaləmizə nəzər salmağınızı tövsiyə edirik.
Bugünkü məqalədə yaponların həyat tərzinə çevrilən yeni tendensiya - Kakeibo haqqında məlumat verəcəyik. Kakeibo 1904-cü ildə Yaponiyanın ilk qadın jurnalisti Hani Motoko tərəfindən ixtira edilib və işləyən qadınların maliyyə vəziyyətlərini idarə etmələrinə köməkçi olmaq üçün nəzərdə tutulub. Fumiko Chiba isə bu metod insanlara yol göstərsin deyə “Kakeibo: Pul yığmaq sənəti” adlı kitab yazmağa qərar verib.
Sözügedən konsepsiya belədir: Hər ayın əvvəlində kitabı əlinizə alırsınız və pulunuzun hansı hissəsini xərcləyib hansı hissəsini yığacağınızı, hədəflərinizə çatmaq üçün nə etməli olduğunuzu planlaşdırırsınız. Daha sonra nail olduqlarınızı gözdən keçirirsiniz. Asan görünür, elədirmi? Çünki həqiqətən də asandır. Bilməli olduğunuz məqamlar isə aşağıdakılardır:
1. Məqsədimiz qənaət etmək yox, xərcləmək olmalıdır
Yazıçı Chiba maliyyə vərdişlərimizi yenidən formalaşdırmalı olduğumuzu qeyd edir; “düzgün qənaət etmək” üçün “düzgün xərcləməlisiniz” və bu prinsipin tərsi də doğrudur.
Chiba bildirir ki, “Yaşamaq və həyatdan zövq almaq üçün hamımız çox işləyirik. Pul yığmağa çalışarkən bu reallığı nəzərə almaq lazımdır.”
2. Qeyd aparmaq mütləq faydalı olacaq
Konsepsiyanın əsası xərclərinizi yazmaqla bağlıdır. Ancaq rəqəmləri elektronik cədvələ yazmaq kifayət etmir. Odur ki, ənənəvi qaydada kağız və qələmi bu işə cəlb edin. Yazıçı “Həyatımızın əksər hissəsi telefon və ya kompüter ekranı ilə əlaqədir”, deyir. “Qazanc və xərclərimizi onlayn vasitələrə qeyd etmək pul xərcləmə vərdişlərimizi anlıq təqlid edir. Kağıza yazmaq isə bizi bu təqliddən xilas edir və xərclərimizə daha ətraflı nəzər salmaq üçün bizə lazımi vaxt qazandırır.”
“Ayın əvvəlində sahib olduğunuz pulun miqdarını qeyd edin. Maaşınızdan gələn pulu, hər hansı bir insanın sizə verdiyi pulu və s. bütün pul vəsaitlərinizi toplayın və yekun məbləği yazın. Daha sonra daimi xərclərinizi, məsələn kirayə pulunu, kommunal xərcləri və s. toplayın və sahib olduğunuz pulun miqdarından bu rəqəmi çıxın. Olduqca asandır.
3. Zərurətləriniz və istəklərinizlə bağlı özünüzə qarşı dürüst olun
Kakeibo fəlsəfəsindən maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün istifadə edirsiniz. Bu fəlsəfənin 2-ci maddəsinə əməl etdiyiniz təqdirdə əlinizdə nə qədər pul qaldığını müəyyən etmiş olacaqsınız. Odur ki, növbəti mərhələdə əlinizdəki pulu necə xərcləyəcəyinizi və bunu daha düzgün hansı formada edə biləcəyinizi öyrənməlisiniz. Kakeibo xərclərinizi kateqoriyalaşdıraraq bu prosesi spesifikləşdirməyə çalışır.
“Ehtiyaclarınızı” və “istəklərinizi” müəyyənləşdirin. Yəni, nəyi həqiqətən ehtiyac duyduğunuz üçün aldığınızı və nəyi almasanız da, ehtiyacınız olmayacağını dəqiqləşdirin. Məsələn, hər kəsin yeməyə ehtiyacı var; bu “mütləq alınmalıdır” siyahısına aiddir. Ancaq özünüzə qarşı dürüst olun! Geyim də zəruridir, lakin hər ay yeni geyim almasanız da, yaşaya bilərsiniz.
4. Nağd puldan istifadə etmək plastik kartlardan daha yaxşıdır
Hazırki dövrdə hər kəsin çantasında nağd puldan çox bir çox plastik kart mövcuddur. Chiba isə bunun böyük bir səhv olduğunu düşünür. Çünki plastik kartlardan istifadə etdiyimiz zaman pul xərclədiyimizi hiss etmirik. Ancaq alış-veriş prosesində nağd pul ilə ödənişi həyata keçirərkən lazımsız xərclər zamanı iki dəfə düşünməli oluruq.
5. Bütün maliyyə addımlarınızı qeyd edərək ayı başa vura bilərsiniz
İstifadə etdiyiniz mobil tətbiqə nəzər salmağınız kifayət deyil. Kakeibo məsələyə daha müfəssəl yanaşma tələb edir. Hər ayın sonunda dörd həftə ərzində etdiyiniz xərcləri incələyib uğurlarınızı və zəif cəhətlərinizi qəbul etməli və növbəti ay üçün yeni hədəflər müəyyən etməlisiniz.
İndi isə özünüz üçün Kakeibo yaradın, qeydlər aparın və ayın sonunda özünü təbrik etməyi unutmayın.
Bizi sosial şəbəkələrdən izləyin!!