Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiyanın dövlət borcu 2024-cü ilin sonunda ölkə tarixində ən yüksək səviyyəyə yüksələrək, təxminən 1,317,64 trilyon yen (hazırki məzənnə ilə təxminən 8,7 trilyon dollar) təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, borcun məbləği 2023-cü ilin sonundakı vəziyyətlə müqayisədə 31,8 trilyon yen (205 milyard dollardan çox) artıb.
“Kyodo” agentliyinin qeyd etdiyi kimi, hazırkı Yaponiya hökuməti çətin ki, borcları azalda bilsin, çünki parlamentin aşağı palatasında dövlət büdcəsini təsdiq edən çoxluğa malik deyil və müxalifətin vergilərin azaldılmasını və xüsusilə təhsilə xərclərin artırılmasını tələb edən təzyiqlərinə məruz qalır.
Cari maliyyə ilində (2024-cü ilin aprel - 2025-ci ilin mart ayı) Yaponiyanın büdcə kəsiri 34,95 trilyon yen (təxminən 230 milyard dollar) təşkil edir. O, dövlət istiqrazlarının emissiyası hesabına ödənilir.
Qeyd olunub ki, onların məbləği son üç il ərzində azalmaqdadır, lakin Yaponiyanın borc öhdəliklərindən büdcə asılılığı hələ də təxminən 30% səviyyəsində qalır. Ölkənin dövlət borcu milli ÜDM-dən iki dəfədən çoxdur. Eyni zamanda, dövlət istiqrazlarının böyük əksəriyyəti Yaponiyanın hüquqi və fiziki şəxslərinin əlindədir ki, bu da defolt riskini azaldır.